ABŞ diplomatı Cozef Emanuel Holl Pakistanı tərk edib

ABŞ diplomatı Cozef Emanuel Holl Pakistanı tərk edərək, Əfqanıstana gedib. Yerli xəbərlərə görə, onun daha əvvəl İslamabadı tərk etməsinə mane olunmuşdu. Belə ki, diplomat yol qəzasına görə ittiham edilirdi.

Müdafiə nazirliyinin attaşesi Amerikanın hərbi təyyarəsinə minərkən geri qaytarılaraq, ABŞ səfirliyinə göndərilib.

Pakistan rəsmilərinin onun adını "qara siyahı"dan çıxarması ilə Holl Əfqanıstana gedə bilib. Pakistan onun gedişi barədə açıqlama verməyib. ABŞ-ın Pakistandakı səfirliyi də şərh verməkdən imtina edib.

Aprelin 7-də Holl qırmızı işığı keçərək, maşınla motosikled sürən şəxsin ölümünə səbəb olub. Hadisə zamanı bir nəfər də xəsarət alıb.

ABŞ rəsmiləri hadisə qurbanlarının ailələrinə təəssüf hisslərini çatdırıb, yerli rəsmilərlə istintaqda əməkdaşlıq edəcəklərini bildirib.

Vaşinqton Pakistanın Hollun diplomatik toxunulmazlığının ləğvi tələbini rədd edib.