Pakistanda məktəb mikroavtobusuna silahlı hücum zamanı 2 uşaq ölüb

Pakistan polisi cümə axşamı bildirib ki, ölkənin şərqindəki Pəncab vilayətində silahlı şəxsin uşaqları məktəbə aparan mikroavtobusa atəş açması nəticəsində 2 uşaq ölüb, 6-sı yaralanıb.

Polis və xilasetmə xidmətinin əməkdaşları hücumun cümə axşamı səhəri Attok şəhərinin Deri Kot rayonunda baş verdiyini bildiriblər. Onların dediyinə görə, çox guman ki, hədəf yaralananlar arasındakı mikroavtobusun sürücüsü olub. Onlar hadisə yerindən qaçan silahlının sürücü ilə "şəxsi ədavəti" olduğunu güman edir.

Polis şübhəlilərin axtarışına başlayıb.

Rəsmilər öldürülən iki nəfərin 10-11 yaşlar arasındakı qızlar, yaralanan digər 5 nəfərin isə təxminən eyni yaşdakı uşaqlar olduğunu bildirib.

Baş nazir Məhəmməd Şehbaz Şərif bəyanatında hücumu qınayıb və bunun uşaqlara qarşı qəddarlıq olduğunu deyib.

BMT-nin uşaq agentliyi UNİCEF-in Pakistan ofisi atışma ilə bağlı şok və kədər ifadə edərək, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verən bəyanat yayıb.

Silahlı hücum son aylar Pakistanda hədəflənmiş hücumların artdığı bir vaxt baş verib.