Azyaşlı qızların ərə verilməsi Pakistanda böyük problemdir [Video]

Your browser doesn’t support HTML5

Pakistanda qadın və onların cəmiyyətdəki roluna münasibətdə inkişaflar olsa da, uşaqların müdafiəsi üzrə “Plan International” qrupu azyaşlı qızların ərə verilməsini ölkədə böyük problem adlandırır.

Özündən 21 yaş böyük kişiyə ərə veriləndə Rəinanın 14 yaşı var idi. Adəti üzrə o, ərinin ailəsinin yaşadığı evə köçüb. Lakin qızcığazın nə evlilik, nə də ondan gözləntilər haqda heç bir təsəvvürü yox idi.

Ailənin şərəfi əsasən qadının namusundan asılı olan Pakistan kimi bir ölkədə Rəinanın anası onun tez ərə getməsini istəyirdi. “Mən namusa görə narahat idim. O, ərə getməli yaşda deyildi, lakin mən onun atasının şərəfini düşündüm, ona görə də onu tez ərə verdim” deyə, Rəinanın anası bildirir.

Bu, nadir hal deyil. Ölkə boyu yüz minlərlə qız uşağı fiziki və psixoloji hazırlığı olmadan ərə verilir. Azyaşlı evliliyin hər iki cins üçün problem olmasına baxmayaraq, uşaqların müdafiəsi “Plan International” qrupunun son hesablamalarına görə, Pakistanda azyaşlı qızlar azyaşlı oğlanlardan daha çox evləndirilir. Hətta ilk aybaşı dövründə ərə verilənlər də olur.

Doğum haqda şəhadətnamələrdə məlumatın dəyişdirildiyi bir ölkədə gəlin və ya bəyin yaşını təyin etmək şətindir. UNICEF bu ölkədə 18 yaşdan aşağı evlilik hallarının 21 faiz təşkil etdiyini deyir. Lakin yerli fəallar əsasən də kənd yerləri olmaqla, az yaşda ərə verilən qızların 60-70 faiz təşkil etdiyini deyirlər.

Fəalların dediyinə görə, buna səbəb maarifləndirmənin olmaması və yoxsulluq, eləcə də cəmiyyətdə qızın rolu haqda formalaşmış fikrirdir: oğlanın potensial olaraq qazanc gətirən, qız isə maliyyə baxımından yük kimi qəbul edilir. Onlar erkən evliliyin gələcəkdə hansı problemlər yaradacağına məhəl qoyulmadığını deyirlər.

“Azyaşlı qızların doğuş zamanı ölməsi halları tez-tez baş verir. 13-14 yaşlı bu qızlar ana olmağa hazır deyillər. Onlar qaynana, baldız, evdəki qayda-qanunla üz-üzə gəlir və onların nbu yükü qaldırmağa gücləri çatmır” deyə, uşaqları müdafiə qrupundan Nasim Əxtar bildirir.

Hökumət və qeyri-hökumət təşkilatlarının yardımına baxmayaraq, uşaq hüquqları müdafiəçiləri qızların təhsil və işlə təmin edilməsi imkanları olmadan bu problemə son qoyulmayacağını deyirlər.