Pakistanda kilsələrdə intiharçı hücumları zamanı 15 nəfər həyatını itirib

Pakistanda Lahor şəhərində iki xristian kilsəsində intiharçının bomba hücumları 15 adamın ölümü, 70 adamın yaralanması ilə nəticələnib. Yaralananlardan çoxunun vəziyyətinin ağır olduğu bildirilir.

İki silahlı şəxs hücumları Lahor ətrafında əsas etibarilə xristianların yaşadığı Youhanabadda kilsələrdə bazar günü dua mərasimlərinin keçirildiyi vaxt həyata keçirib. Hücumçular mühafizəçilərin onları kilsənin qapıları önündə saxlamağa çalışdığı vaxt üzərindəki partlayıcıları işə salıb.

Rəsmilər hücuma görə məsuliyyəti Pakistanda Taliban qrupu ilə əlaqəsi olan yaraqlı qrupun öz üzərinə götürdüyünü bildirib.

Zorakılıq aktına etiraz edən xiristianlar rəsmilərin onları müdafiə edə bilmədiyini deyərək küçələrdə aksiyalar keçirib.

Təxminən bir milyon insanın yaşadığı Youhanabad Pakistanda xristianların cəmləşdiyi ən böyük şəhər ətrafı qəsəbədir.