Pakistan ABŞ-ı tənqid edib

Pakistan Birləşmiş Ştatlar tərəfindən həyata keçirildiyi ehtimal edilən pilotsuz təyyarə hücumlarını tənqid edib. Bu gün Əfqanıstanla sərhəddə, qəbilələrin yaşadığı bölgədə həyata keçirilən hücum nəticəsində 3 nəfər həlak olub.

Pakistan Daxili İşlər Nazirliyinin açıqladığı bəyanatda deyilir ki, bu, çoxtərəfli hücumlar Pakistanın suverenliyi və ərazi bütövlüyünün pozulmasıdır.

Pakistan rəsmiləri bugünkü hücumun Şimali Vəziristanın Boya bölgəsində baş verdiyini deyib. Bu ərazi Taliban və Əl-Qaidəyə bağlı yaraqlıların istehkamı kimi tanınır.

Pilotsuz təyyarə hücumları Pakistanda böyük etiraza səbəb olur və ABŞ belə hücumları həyata keçirdiyini nə təsdiq, nə də təkzib edir.