Bakının qoyduğu məhdudiyyətlər effektiv seçki müşahidəsi aparmağa imkan vermir"
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (ATƏT/DTIHB) noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkisinə müşahidəçi göndərməkdən imtina etdi.
Bu barədə sentyabrın 11-də qurumun yaydığı rəsmi məlumatda bildirilir.
Büronun direktoru Michael Georg Link bildirib Azərbaycan tərəfdən tətbiq edilən məhdudiyyətlərə görə bu addımı atmağa məcbur olublar:
“Müşahidəçilərin sayına Bakının qoyduğu məhdudiyyətlər effektiv və etibarlı seçki müşahidəsi aparmağa imkan vermir. Ona görə də təəssüf ki, biz ümumilikdə bu seçkiyə müşahidəçi göndərməmək qərarına gəldik. Azərbaycan hakimiyyətinin müşahidəçilərin sayına qoyduğu inadlı məhdudiyyətlər bu ölkənin ATƏT qarşısında öhdəliklərinə və Büronun müşahidə missiyasının mandatına ziddir.”
AZƏRBAYCAN MÜŞAHİDƏÇİ SAYININ 3 DƏFƏ AZ OLMASINI İSTƏYİB
Açıqlamada qeyd edilir ki, ATƏT-in üzvü olan dövlət kimi, Azərbaycan keçirdiyi seçkilərə beynəlxalq müşahidəçilər cəlb etməli, həmçinin bu Büronun müşahidəçilərinin öz funksiyalarını müstəqil, tərəfsiz və peşəkarcasına yerinə yetirmələrinə xüsusi diqqət yetirməlidir.
Açıqlamada deyilir ki, Bakıdan dəvətnamə aldıqdan sonra Büro bu seçkilərə ekspertlər qrupu, 30 uzunmüddətli, 350 nəfər də qısamüddətli müşahidə missiyası göndərməli idi. Amma Azərbaycanın ATƏT-dəki Daimi Missiyası ilə müzakirələrdə məlum olub ki, Azərbaycan hakimiyyəti yalnız 6 nəfər uzunmüddətli, 125 nəfər də qısamüddətli müşahidəçi göndərilməsini tələb edir. Bakı bu tələbində israr etdiyindən, Büro bu seçki üçün Azərbaycana müşahidəçi göndərməmək qərarına gəlib.
REAKSİYA HƏLƏ Kİ, YOXDUR
Michael Georg Link əlavə edir ki, bu qərara baxmayaraq, onun başçılıq etdiyi qurum Azərbaycana seçkilər və insan haqları ilə bağlı başqa öhdəliklərinin icrasında yardımlarını göstərməyə hazırdır.
Hələlik Bakıdan Büronun bu qərarı ilə bağlı hər hansı reaksiya yoxdur.
Bundan əvvəl Avropa Parlamenti Azərbaycanda insan haqlarını sərt tənqid edən qətnamə qəbul edib.