Azərbaycanda orta sinfin formalaşmasına müxtəlif baxışlar (audio)

Orta sinifin formalaşması müzakirə edilib

Beynəlxalq ekspert orta sinfin formalaşması üçün rəqabətlilik yaradılmasını, qanunvericiliyi liberallaşdırmasını, orta sinfin səsinin dinlənməsini vacib sayır
Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) Hilton otelində “Azərbaycanda orta sinif: sosial, iqtisadi, siyasi dinamika və perspektivlər” mövzusunda konfrans keçirib. Forumda Azərbaycan hökumətinin rəsmiləri, Milli Məclisin deputatları, beynəlxalq və yerli ekspertlər iştirak edib.

Your browser doesn’t support HTML5

"Azərbaycanda orta sinif varmı?" reportajı


Çıxışların əsas motivi ölkədə qarşıdakı illərdə orta sinfin formalaşdırılmasının metodologiyasının və yollarının axtarılması olub.

Ekspertlər ölkədə müxtəlif istiqamətlərdə, o cümlədən sosial-iqtisadi, gəlirlər, məşğulluq, təhsil və başqa yönümlü tədqiqatlar aparıb.

“Tədqiqatların nəticələri ölkədə hələ orta sinfin formalaşmasından xəbər vermir”, - deyə SAM-ın direktoru Fərhad Məmmədov qeyd edib.

Onun fikrincə, uğurlu neft strategiyası son 20 ildə Azərbaycanın inkişafını təmin edib.

“Artıq neft amilinin bir neçə komponenti başa çatıb. Növbəti inkişaf strategiyasının prioritetləri müəyyənləşdirilib, bu qeyri-neft sektorudur. Yaxın 10 ildə qeyri-neft sektorunda gəlirlər bir neçə artırılmalı, bu sektor dəstəklənməli və orta sinfin inkişafına stimul verməlidir”, o bildirib.

Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə hesab edir ki, orta sinfin formalaşmaması sistemin günahı deyil. Amerika və Avropa təcrübəsi də orta sinfin bir neçə on illiklərdə formalaşdığını göstərir.

“Dünya təcrübəsinə görə radikal islahatlar aparılan ölkələrdə orta təbəqə deyil, varlılar və kasıblar yaranır. İndi ağır tədqiqatlar nəticəsində orta təbəqənin formalaşdırılması strategiyası hazırlanmalıdır. Ölkənin işıqlı gələcəyi orta təbəqədən asılıdır”, akademik vurğulayıb.
Azərbaycanda romb şəkilli, Misirdə və ərəb dünyasında piramida tipli cəmiyyət var. Məhz ərəb inqilablarının səbəbi cəmiyyətdə piramidanın, yalnız varlıların və yoxsulların olmasıdır.

“Piramida quruluşlu cəmiyyətlərdə alternativ hallar baş verir. Məhz Misir piramidaları ölkəyə şöhrət gətirmişdirsə, iqtisadiyyatın piramida quruluşu ölkəni çökdürdü. Azərbaycanda isə cəmiyyət rombvari quruluşdadır. Burada varlılar, yoxsullar və xeyli sayda orta təbəqə var”, Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri Vüsal Qasımlı bildirib.

Beynəlxalq Araşdırmalara görə, gələcək 5 ildə Azərbaycanda orta sinif yüksək sürətlə inkişaf edəcək.

“Asiya Bankının tədqiqatlarına görə isə növbəti 5 ildə Asiyada orta sinfin ən dinamik inkişafı Azərbaycanda qeydə alınacaq. İndiyədək, cəmiyyət dövlətin, neft gəlirlərinin hesabına güclənirdisə, bundan sonra orta sinfin güclənməsi cəmiyyətin dinamik inkişafına təkan verəcək”, o qeyd edib.

Dünya Bankının aparıcı iqtisadiyyat və ölkə üzrə sektor koordinatoru Raşmi Şankar hesab edir ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafı, orta sinfin yaranması və ümumdaxili məhsulda adambaşına düşən vəsaitin 20 min dollaradək artması imkanları var.

“Neft gəlirləri hesabına ölkədə inkişaf var, yoxsulluq azalıb. Orta sinfin və qeyri-neft sektorunun inkişafı prioritet kimi götürülüb. İnkişafın davamlılığı üçün xidmət sahələri və iqtisadiyyatın digər sahələri də inkişaf etdirilməlidir. Azərbaycanda rəqabətlilik qabiliyyəti artırılmalı, qlobal bazarlarda mövqeyini möhkəmlətməlidir”, o qeyd edib.

Ekspert hesab edir ki, orta sinif stabillik və sabitliyin qarantıdır. ”Bu Aristotelin zamanından belə hesablanır. Bu mənada Azərbaycan rəqabətliliklə yanaşı, qanunvericiliyi liberallaşdırmalı, bərabər start imkanları yaratmalı, texnologiyaların tətbiqini reallaşdırmalı, orta sinfin səsini dinləməlidir”, Raşmi Şankar deyib.