Oqtay Gülalıyev yenidən  əməliyyat olunub

Oqtay Gülalıyev

Hazırda Türkiyənin İstanbul şəhərindəki Amerika Xəstəxanasında müalicəsini davam etdirən hüquq müdafiəçisi Oqtay Gülalıyev yenidən əməliyyat olunub.

Bu barədə Amerikanın Səsinə onun oğlu Əli Gülalıyev deyib.

Onun sözlərinə görə əməliyyat üç saatdan bir az çox çəkib.

"Atamın başında kəskin su yığıntısı müəyyən edilib. Həkimlər hesab ediblər ki, həmin suyun baş-beyindən kənarlaşdırılması üçün əməliyyat olunmalıdır. Bu məqsədlə bu əməliyyatı keçiriblər. Həkimlərin dediyinə görə, bu su yığıntısı beynin funksiyasını da yerinə yetirməyə maneçilik törədir, ona görə də əməliyyat zərurətə çevrilib", - Ə.Gülalıyev bildirib.

O bildirib ki, hələlik əməliyyatdan sonra həkimlə görüşmə imkanı olmayıb.

Hələlik, sözügedən xəstəxananın həkimləri ilə əməliyyatla bağlı danışmaq mümkün olmayıb.

Oqtay Gülalıyev oktyabrın 29-da avtomobil vurduqdan sonra ağır kəllə-beyin travması alıb və komaya düşüb. Həkimlər beyinə qansızma diaqnozu qoyublar.

Oktyabrın 30-da o, beyindən gematomanın çıxarılması üzrə əməliyyat olunub.

Noyabrın 5-də birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu hüquq müdafiəçisinin müalicəsi ilə bağlı məsələlərin həllini öz üzərinə götürüb.

Bundan sonra Oqtay Gülalıyev noyabrın 6-da Bakıdan AZAL-ın xüsusi ambulans təyyarəsi ilə Türkiyəyə aparılıb və İstanbul Avrasiya Xəstəxanasına yerləşdirilib.

Noyabrın 19-da hüquq müdafiəçisi İstanbulda yerləşən Amerika Xəstəxanasına (Amerikan Hastanesi) köçürülüb.

Noyabrın 22-də onun beynində növbəti neyrocərrahiyyə əməliyyatı aparılıb.