Oqtay Gülalıyev: Siyasi fəalların cərimələrinin ödənilməsi üçün vəsait toplanması davam etdirilir

Həmrəylik Marafonunun plakatı

İyunun 28-də polisin Müsavat Partiyasının mənzil-qərargahına müdaxiləsi nəticəsində "Həmrəylik marafonu"nun baş tutmamasına baxmayaraq, onun təşkilatçıları siyasi fəalların cərimələrinin ödənilməsi üçün vəsait toplanmasını davam etdirir.

Bu barədə marafonun təşkilatçısı Repressiyalar və İşgəncələr Əleyhinə Komitənin koordinatoru Oqtay Gülalıyev bildirib.

Həmrəylik Marafonuna polis müdaxiləsi (Foto Oqtay Gülalıyevin facebook səhifəsindəndir)

Onun sözlərinə görə, marafon AXCP lideri Əli Kərimli Müsavat Partiayasının ofisi önündə saxlandıqdan bir saat sonra dağıdılıb.

"Aksiyada məqsəd qanunsuz və ədalətsiz olaraq inzibati qaydada cərimələnmiş adamlara yardım etməkdir. Ötən ilin noyabrından 60-dan çox adam təxminən 11 min manat (6600 dollar) cərimələnib. Üstəlik, adamları təkcə etiraz aksiyalarında iştiraka görə yox, həm də Şəhidlər Xiyabanını kollektiv ziyarət etdiklərinə, həbsdə olan fəalların işləri üzrə proseslərə getdiklərinə görə cərimə ediblər," hüquq müdafiəçisi qeyd edib.

Ötən ilin noyabrından 60-dan çox adam təxminən 11 min manat (6600 dollar) cərimələnib.
Oqtay Gülalıyev, hüquq müdafiəçisi

Onun sözlərinə görə, marafon dsğıdıldığından lazımi vəsait hələ toplanmayıb.

“Repressiyalar və İşgəncələr Əleyhinə Komitə cərimə edilmiş fəalların dəstəklənməsi üçün ianə yığımını davam etdirəcək. Aksiyanı dəstəkləyənlər çoxdur və yaxın günlərdə vəsait toplanacaq,” Gülalıyev deyib.

Həmrəylik marafonu

Hüquq müdafiəçisi həmrəylik marafonuna polis müdaxiləsinı belə münasibət bildirib:

“Dostlar, durumun mahiyyətinə məntiqi qiymət vedrikdə açıq-aydın görünür ki, hakimiyyətdə olan siyasi rejim getdikcə daha çox səbatsız və savadsız idarəçiliyin girdabında can verməkdədir və məhz can verdiyinin fərqində olduğuna görə də hər kəs onun gözündə düşmən və "əzrayıl" qiyafəsində görünür,” o facebook səhifəsində yazıb.