Oqtay Gülalıyev komadan ayıla bilər

Oqtay Gülalıyev

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin komadan ayılması şansı çoxdur.

Bu barədə Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev facebook səhifəsində məlumat yayıb.

Onun sözlərinə görə, dekabrın 19-da Gülalıyevin müalicə aldığı İstanbulun Amerika Xəsətxanasında həkim Bülent Kahyaoğlu onu müayinə edib.

“Bu gün müayinəsi üçün həkim gəlib. Onun bildirdiyinə görə, atamın komadan ayılma ehtimalı çoxdur. Bu gün atam sağ gözünü açmaq istəyib. Lakin baş nahiyəsində zərbə ağır olduğuna görə və az da olsa ödəm qaldığı üçün zamana ehtiyacı var,” o bildirib.

Gülalıyev əlavə edib ki, beynində yığılmış ödəm özü çəkilməlidir.

“Ödəm beynin elə sahəsindədir ki, ora cərrahi müdaxilə mümkün deyil.”

Təbriz Gülalıyev bildirib ki, Heydər Əliyev Fondu hüquq müdafiəçisinin müalicəsinə ayırdığı yardımla bağlı rəyini 10 gündən bir verir.

“Müalicə üçün növbəti vəsaitin ayrılması ilə bağlı sabah bizə xəbər verməlidilər.”

Hüquq müdafiəçisi Oqtay Gülalıyev oktyabrın 29-da avtomobil vurduqdan sonra ağır kəllə-beyin travması alıb və komaya düşüb. Həkimlər beyinə qansızma diaqnozu qoyublar.

Oktyabrın 30-da o, beyindən gematomanın çıxarılması üzrə əməliyyat olunub.

Noyabrın 5-də birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu hüquq müdafiəçisinin müalicəsi ilə bağlı məsələlərin həllini öz üzərinə götürüb.


Bundan sonra Oqtay Gülalıyev noyabrın 6-da Bakıdan AZAL-ın xüsusi ambulans təyyarəsi ilə Türkiyəyə aparılıb və İstanbul Avrasiya Xəstəxanasına yerləşdirilib.

Noyabrın 19-da hüquq müdafiəçisi İstanbulda yerləşən Amerika Xəstəxanasına (Amerikan Hastanesi) köçürülüb.

Noyabrın 22-də onun beynində növbəti neyrocərrahiyyə əməliyyatı aparılıb.