ABŞ baş prokuroru Cef Seşşins ölkədəki opioid böhranını “əsas ölümcül problem” adlandırıb.
Narkotik maddələrin təhlükəsi altında yaşayan uşaqların müdafiəsi ilə məşğul olan Milli Alyansda çıxış edən Seşşins, nitqi zamanı 80-ci illərin narkotik maddələrdən asılılıq bəlasını qeyd edib.
“Hətta həmin dövrdə kokain istifadəsi nəticəsində ölənlərin sayı, bu gün fentanil, heroin və digər narkotik maddələrdən ölənlər qədər deyildi. ABŞ-ın bu gün üzləşdiyi bu problemin ölkənin əsas ölümcül problemi olduğuna inanıram."
Seşşins deyib ki, böhranın həlli üç hissədən ibarətdir – asılılığın qarşısının alınması, hüquq-mühafizə orqanlarının fəaliyyəti və müalicənin həyata keçirilməsi.
Bu ayın əvvəli prezident Donald Tramp söz verib ki, “ABŞ narkotik maddələrdən asılığa qarşı döyüşdə qalib gələcək.” Buna baxmayaraq, topladığı komissiyanın tövsiyəsindən sonra, prezident, bu böhranı “milli təhlükə” elan etməyib.