Operaya böyük sevgi

Your browser doesn’t support HTML5

Operaya böyük sevgi

Opera musiqisini dinləmək üçün çoxları ya konsertə və ya teatra getməli, ya da xüsusi mərasimə dəvət olunmalıdır. Lakin operasevərlər hər həftəsonu Virciniya ştatının Alexandriya şəhərinin tarixi hissəsində opera musiqisinin gözəl sədalarını dinləyə bilər. İfaçı professional opera ifaçısıdır. Onun böyük səhnə ilə yanaşı küçədə musiqi ifa etməsinin səbəbləri isə təkcə musiqiyə vurğunluq deyil, həm də Amerikada bu gün çoxlarının qarşılaşdığı iqtisadi problemlərlə bağlıdır.

Krista Monique Maklellan: “Mən Kristayam. Boston universitetini bitirmişəm. 2011-ci ildə Braziliyada opera musiqisi üzrə keçirilən müsabiqədə ikinci yeri tutmuşam. İki yaşımdan musiqi ifa edirəm.”

Potomak çayının sahilində gəzişən insanlar isə ayaq saxlayaraq, Kristanın gözəl ifasını dinləyir, onu alqışlayır və hətta pul verirlər.

Krista Monique Maklellan: “Bilirsiniz, operanı bəyənmirəm deyən insanlar, mən bəzi mahnıları oxuduqda deyirlər – “Dayan, bu mahnı mənim xoşuma gəlir, özü də bu operadır. Belə çıxır ki, opera mahnısı mənim xoşuma gəlir.” Bu kimi hallar mənə ilham verir.”

Krista Monique Maklellan: “Bura yaxşı yerdir. Burada akustika var və səs yaxşı alınır, musiqi gözəl səslənir. Burada oxumaqdan yorulmuram. Saatlarla oxuya bilərəm.”

Krista ötən ildən küçədə opera musiqisi ifa etməyə başladığını deyir. Onun həyat yoldaşı Larri Aklausu elektrik vurduqdan sonra o, əlilə çevrilib və artıq işləyə bilmir. İndi ailədə əsas yük Kristanın üzərinə düşür. Burada oxumaq onun və ailəsinin əsas gəlir mənbəyidir. Larri həyat yoldaşının küçədə mahnı ifa etməsinə müsbət baxır.

Larri Aklaus: “Mən həyat yoldaşımın burada opera musiqisi ifa etməsinə çox sevinirəm. O öz üzərində uzun zaman işləyib. Burada ifa etməklə o tamaşaçılarla ünsiyyət qurmağı öyrənir, eyni zamanda, mahnıları daha da yaxşı ifa etmək üçün səsini təkmilləşdirir.”

20 növ musiqi alətində ifa etməyi bacaran Larri Aklaus Kristaya dəstək verməklə yanaşı, ona kömək də edir. O, Kristinin sürücüsü, həm də aşbazı olduğunu deyir.

Çox zaman işsizlik üzündən insanlar sevdikləri işi kənara qoyub, sevmədikləri sənətlə məşğul olur. Larri ilə Krista isə sənətə sadiq qalır, ictimayyətlə birbaşa küçədə ünsiyyətdə olmaqdan nə qorxmur, nə də çəkinmir. Əksinə, bundan qürur duyur və həzz alır.