Lahor şəhərinin elit, yaşıl Zaman Parkı məhəlləsi artıq o qədər də sakit deyil. Həmin məhəllədə sabiq baş nazir İmran Xanın evi siyasi bir qalaya çevrilib ki, oradan o, hökumətə və ölkənin qüdrətli hərbi quruluşunun yüksək rütbəli rəsmilərinə qarşı mübarizə aparır.
1992-ci ildə Xanın kapitanı olduğu Pakistan komandası tarixi Kriket üzrə Dünya Kubokunda qalib gəldiyi zaman minlərlə azarkeş həmin evin ətrafına toplanmışdı. Xan Cemima Qoldmistlə evlənib, onu Pakistana gətirdiyi zaman hər kəsin diqqət mərkəzində idi. Hər ikisi evlənənə qədər bu evdə illərini keçirib.
Xan xeyriyyə kampaniyaları apardığı və xərçəng hospitalı inşa etdiyi zaman evi minlərlə insan ziyarət edib. O, siyasi partiya quraraq, kriket ulduzundan siyasətçiyə dönüşdüyü zaman isə böyük kütlələr cəlb edib.
İndi isə təhlükəsizlik qüvvələri evində reyd keçirməyə cəhd edir, onlarla polis zabiti evin ətrafını mühasirə edir, evə aparan yollar blok olub, media nümayəndələri isə Xanın yenidən həbs olunma ehtimalı qarşısında hər hansı dramatik bir anı lentə almaq niyyəti ilə 24/7 evin qarşısında keşik çəkir.
Xan mayın 9-da İslamabadda məhkəmə binasında korrupsiya ittihamı ilə hərbiləşdirilmiş qoşunlar tərəfindən dramatik şəkildə həbs edilib, daha sonra isə məhkəmənin qərarı ilə sərbəst buraxılıb. Onun həbsi genişmiqyaslı zorakı etirazlara səbəb olub və onun tərəfdarları qəsdən yanğın çıxarmaq, hərbi obyektlərə hücum etmək, Lahorda yüksək rütbəli hərbi komandirin iqamətgahını talamaq və yandırmaqda ittiham olunub.
Pakistan ordusunun başçısı general Münir hərbi obyektlərə hücumları “dözülməz” adlandırıb.
Qəzəbli ordu və ona düşmən münasibət bəsləyən koalisiya hökuməti hücumlarda ittiham olunanların hərbi məhkəmələrdə mühakimə ediləcəyini açıqlayıb. Hərbi məhkəmələrdə mülki şəxslərin mühakiməsi beynəlxalq hüquqa ziddir və bu qərar genişmiqyaslı qınaqlara səbəb olub.
“Hərbi generallar qəzəblidir və Xan siyasi karyerasının ən çətin mübarizəsini aparır,” Pakistanın aparıcı jurnalisti və analitiki Mazhar Abbas deyir.
Xan keçən il hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra populist dalğaya başçılıq edib. Onun ordu ilə fikir ayrılığı dərinləşdiyi bir vaxt, etirazları böyük izdihamı cəlb edib. Onun ordu ilə fikir ayrılığı ilk dəfə ovaxtkı ordu başçısı general Bajvanın ISI başçısı general Faizi transfer etmək və vəzifəyə başqa birini gətirmək cəhdinə müqavimət göstərməsindən sonra üzə çıxıb.
Xan dəyişikliyə qarşı çıxıb və deyib ki, İSİ-yə yeni başçı təyin etmək onun səlahiyyətindədir. Bundan bir neçə ay sonra o, baş nazir vəzifəsindən çıxarılıb. Pakistanın çoxşaxəli siyasi keçmişində heç bir seçilən baş nazir beş illik vəzifə müddətini başa vurmayıb.
Xanın hakimiyyətə gəlməsinin 2018-ci ildə hərbçilər tərəfindən “təşkil olunduğuna” dair geniş inanc var idi.
Lakin Xan hakimiyyətdən getdikdən sonra ozamankı ordu generalı general Bajvanın kəskin tənqidçisinə çevrilib və onu onun hökumətini devirmək üçün plan hazırlamaqda ittiham edib, ancaq ordu bu ittihamı rədd edib.
Xan daha sonra ISI-nin yüksək vəzifəli kəşfiyyat rəsmisini ötən ilin noyabrında ona qarşı sui-qəsd cəhdi hazırlamaqda ittiham edib. O, kəşfiyyat rəsmilərini hədəf alaraq, onları “Çirkli Harri” və “Cənab X” adlandırıb və onları seçkiləri saxtalaşdırmağı planlaşdırmaqda ittiham edib.
Ən sonda isə Xan həbsinə görə hazırkı ordu başçısı General Adi Müniri günahlandırıb ki, ordu bu ittihamı şiddətlə rədd edir. “Məni qaçıran ordu idi. Ordu başçısının icazəsi olmadan heç nə olmur. Mənim oğurlanmama o göstəriş verib,” emosional Xanın sərbəst buraxılandan sonra müxbirlərə dediyi bildirilir.
Xan bu cür ittihamlar və olunduğuna görə tərəfdarlarının hərbi obyektlərə hücumları fonunda hərbçilərlə qarşı-qarşıyadır.
İndi Xan korrupsiyadan tutmuş terror və kafirliyə qədər 100-dən çox ittihamla üzləşir. O, bu ittihamların “siyasi motivli” olduğunu deyir. O iddia edir ki, onun 10 mindən çox işçisi və tərəfdarı saxlanılıb və partiyasının yüksək səviyyəli səlahiyyətliləri həbs edilib.
Onun yaxın köməkçiləri və partiya liderləri partiyadan ayrıldıqlarını elan ediblər. Xan bu qərarların “məcburiyyət altında” verildiyini deyərək, “məcburi boşanma” adlandırıb.
Pakistanın müdafiə naziri Xavaca Asif hökumətin Xanın partiyası olan PTI-ni mayın 9-da baş vermiş zorakılıqla əlaqədar olaraq qadağan etməyi nəzərdən keçirdiyini bildirib.
SEE ALSO: Pakistanın Ali Məhkəməsi keçmiş baş nazir İmran Xanın azadlığa buraxılmasına qərar veribAnalitik Abbas deyir ki, “Xanın partiyasına qarşı repressiyalar fonunda siyasi partiyadan ayrılma halları və ya onun qadağan edilməsi Pakistanın siyasi səhnəsində köhnə ssenarisi olan yeni filmə bənzəyir”.
“Biz siyasi partiyalara qarşı hərbi hakimiyyət hətta seçilən hökumətlər tərəfindən də oxşar taktikaların şahidi olmuşuq. Onların təsiri qısa müddətli olub, ancaq uzun müddətdə əks nəticə verib.”
Xan partiya sıralarını xilas etməyə çalışır və ona ordu daxilindəki dəstəyin zəiflədiyi görünür.
“Xanın tərəfdarlarının hərbi obyektlərə hücumları səbəbindən orduda dərin utanc və şərəfin ləkələndiyinə dair hissiyat mövcuddur,” Vaşinqtonda yerləşən USIP analitik mərkəzinin baş eksperti Asfandyar Mir deyir.
Xan deyir ki, onun partiya işçilərinin zorakı hücumlarda iştirak etdiyinə dair iddialar onun partiyasını ləğv etmək üçün aparılan sui-qəsdin bir hissəsi olan “mütəşəkkil propaqanda”dır. O, daha sonra ordu ilə heç bir fikir ayrılıqlarının olmadığını söyləyib. "PDM (onun rəqibi olan hakim koalisiyası) ordu ilə mənim aramda ixtilaf yaratmağa çalışır," o iddia edib.
Ölkənin siyasi təlatümlərlə dolu tarixinə baxmayaraq, mövcud siyasi qütbləşmə misli görünməmiş bir vəziyyətdir. Xan hakim koalisiya ilə mübarizə aparır, onları “kuklalar” adlandırıb və hökumətin yüksək vəzifəli rəhbərliyi ilə danışıq masasına oturmaqdan imtina edib. Onun sözlərinə görə, ölkədə yeganə təqdirəlayiq qurum məhkəmələrdir.
Digər tərəfdən isə Şərifin PML-N partiyasının başçılıq etdiyi hakim koalisiya Ali Məhkəmənin baş hakiminin rolunu açıq şəkildə tənqid edib və nazirlər mübahisəli qanunvericiliklə onun səlahiyyətlərini məhdudlaşdırmaqla hədələyiblər.
Bu cür qütbləşmə, keçmişdə baş hakimin, ordu başçısının, baş nazirin və ya prezidentin müdaxilə edərək kompromis əldə etdiyi zamanlardan fərqli olaraq, arbitraj imkanlarına əngəl olur.
Siyasi qeyri-sabitlik nüvə silahı olan Pakistanın kövrək iqtisadiyyatını daha da pis vəziyyətə salır. Azalan valyuta ehtiyatları, artan borc, Pakistan rupiyasının dollara nisbətdə rekord dərəcədə dəyər itirməsi, artan faiz dərəcələri, bahalaşan əmtəə və yüksək inflyasiya dərəcələri ilə üzləşən ölkə özünü defoltdan xilas etməyə çalışır.
Bu cür ağır iqtisadi vəziyyət siyasi böhranla birlikdə hakim koalisiyanın tərəfdar bazasını sürətlə azaldır. Hökumət, çox güman ki, Xanı hakimiyyətdən uzaqlaşdırmaq üçün hərbi isteblişmentlə əlaqələrini daha da möhkəmləndirəcək.
SEE ALSO: Pakistanın keçmiş baş naziri məhkəmə qarşısına çıxarılıbİmran Xan isə bunu hakimiyyətə qayıtmaq üçün fürsət kimi görür. O deyir ki, onun yeganə tələbi bu ilin oktyabrına planlaşdırılan seçkilərin erkən keçirilməsidir. “...Onlar bizim partiyanın populyarlığına görə qorxurlar. Bu, seçkilərdə böyük səs fərqinə gətirib çıxaracaq, ona görə də onlar seçki keçirmək istəmirlər,” - Xan iddia edir.
Sual isə ondan ibarətdir ki, Xan tezliklə hakimiyyətə qayıda bilərmi?
“Bir qına iki qılınc sığa bilməz. Bu, İmran Xanın General Asim Münirlə olan qarşıdurmasına da aiddir,” təhlilçi Şuca Nəvaz deyir.
220 milyon əhalisi olan ölkədə xaos davam etdiyi bir vaxt, Xan Lahordakı evində hər gün podkastlar və müsahibələrə hazırlaşır, yenidən həbs olunacağından və öldürülə biləcəyindən qorxuduğunu söyləyir.