Federal hökumətin bağlanması ilə üzləşən ABŞ Nümayəndələr Palatası qısamüddətli büdcə layihəsini təsdiqləyib

Kevin MakKarti. 29 sentyabr, 2023.

ABŞ Nümayəndələr Palatası şənbə günü federal hökuməti 45 gün müddətinə maliyyələşdirməyə səs verib və bununla da böyük ehtimalla, son möhlətin bitməsinə saatlar qala federal hökumətin bağlanmasının qarşısını alıb.

335-91 səs fərqi ilə başa çatan səsvərmə Nümayəndələr Palatasının spikeri Kevin MakKartinin şənbə günü taktika dəyişərək onun Respublikaçı kokusunun sərt xətt tərəfdarı üzvlərinin qarşı çıxdığı büdcə layihəsini təklif etməsindən sonra keçirilib.

Büdcə layihəsini Respublikaçılardan daha çox Demokratlar dəstəkləyib, baxmayaraq ki, onda Prezident Co Bayden, Demokratlar və bir çox Respublikaçı senator üçün prioritet olan Ukraynaya yardım yer almayıb.

Senat şənbə günü Nümayəndələr Palatasının qəbul etdiyi layihəni nəzərdən keçirəcək. Əgər Senat onu təsdiqləsə və Bayden şənbə gecə yarısından öncə onu imzalasa, qapanmanın qarşısı alınacaq.

MakKartinin manevri Nümayəndələr Palatasında Respublikaçıların cümə günü qısamüddətli büdcə layihəsini təsdiqləməyərək, hökumətin qapanması ehtimalını artırmasından sonraya təsadüf edib

“Biz işimizi görəcəyik,” MakKarti səhər keçirilən iclasdan sonra deyib. “Biz yetişkin kimi davranacağıq. Və biz hökuməti açıq saxlayacağıq,” o deyib.

MakKarti cümə günü deyib ki, qısamüddətli büdcə layihəsini təsdiqləmək ABŞ-Meksika sərhədində təhlükəsizliyi qoruyub-saxlamaq üçün zəruridir və qanunvericilərə xərclərlə əlaqədar prioritetlərlə bağlı danışıqlar aparmaq üçün mühüm vaxt qazandıracaq. Ancaq büdcə layihəsi onun Respublikaçı Partiyasının əksər mühafizaəkar üzvləri tərəfindən rədd edilmişdi.

MakKarti daha sonra əvvəllər Twitter kimi tanınan X-də yazıb ki, Senatda təqdim edilən başqa bir büdcə layihəsinin Nümayəndələr Palatasında təsdiq olunmasının imkanı yox idi.

“Konqresin bağlanmanın qarşısını almaq üçün yalnız bir seçimi var – ikitərəflilik,” Senatın çoxluq lideri Çak Şumer deyib.

Senatın Respublikaçı lideri Mitç Makkonel də bu düşüncəni dəstəkləyərək, ultra-sağçı həmkarlarına xəbərdarlıq edib ki, federal hökuməti bağlamaqla heç nə qazanılmayacaq.

“Bu, Amerika xalqının, eləcə də bizi təhlükəsiz saxlayan cəsur kişilərin və qadınların üzərinə lazımsız çətinliklər gətirir,” MakKonnel deyib.

Nümayəndələr Palatasının təsdiqlədiyi büdcə layihəsi şənbə gecə yarısına qədər qüvvəyə minməsə, federal işçilər məzuniyyətə göndərilmək riski ilə üzləşir. Belə ki, 2 milyondan çox aktiv və ehtiyatda olan hərbi qulluqçular ödənişsiz xidmət göstərməyə davam edəcəklər və amerikalıların asılı olduğu xidmətlərdə qapanma səbəbilə fasilələr yaranacaq.