Omikron variantı dünya boyu COVID-ə yoluxma hallarında artıma səbəb olub

Koronavirusun omikron variantı dünya boyu COVID-ə yoluxma hallarında artıma səbəb olub.

ABŞ Prezidenti Co Bayden hökumətin variant səbəbilə yoluxma hallarındakı artıma necə cavab verəcəyini açıqlamaq üçün çərşənbə axşamı xalqa müraciət edəcək.

ABŞ-da yoluxmaların artması bəzi universitetlərin uzaqdan təhsil sisteminə keçəcəklərini elan etməsinə gətirib çıxarıb. Onlardan biri də Harvarddır və ən azı yanvar ayının ilk üç həftəsi boyunca dərslərin onlayn keçiriləcəyini bildirib.

Avropada artan yoluxma halları hökumətlərin məhdudiyyətlərin tətbiqinə çağırış etməsinə səbəb olub.

“Niderland yenidən bağlanır,” Baş nazir Mark Rutte şənbə günü televiziyada yayımlanan çıxışında bildirib. Bazar günündən etibarən qüvvəyə minəcək yeni tədbirlər yoluxuculuğu yüksək olan omikron variantının səbəb olduğu COVID-19-un “beşinci dalğasının” nəticəsidir.

Yeni qaydalara əsasən, zəruri əşyalar satmayan bütün mağazalar ən azından yanvar ayının ortalarına qədər bağlı olacaq. Hər evi eyni anda yalnız iki qonağın gəlməsinə icazə veriləcək. Lakin 24-26 dekabr tarixlərində və Yeni İl günündə qonaqların sayı 4-ə çıxa biləcək.

Məktəblər ən azından 9 yanvaradək bağlı olacaq.

Niderlandda əhalinin 85 faizi vaksin olsa da, yalnız 9 faizinə buster dozalar vurulub.

Niderlandın pandemiyaya nəzarət komandasının başçısı Caap van Dissel deyib ki, qapanma tədbirləri insanlara buster dozalarını vurmağa və xəstəxanaların COVID hallarında mümkün artıma hazırlanmağa vaxt verəcək.

Bu arada isə Almaniya omikrona yoluxma hallarındakı artım səbəbilə Birləşmiş Krallığı narahatlıq doğuran ərazi adlandırıb.

Bu cür yerlərdən Almaniyaya daxil olan insanlar iki həftə karantin etməlidirlər.

Bu yaxınlarda aparılan araşdırma omikronun yenidən yoluxma riski delta variantı ilə müqayisədə beş dəfə yüksəkdir və onun xəstəliyin daha yüngül keçməsinə səbəb olduğuna dair heç bir işarə yoxdur.