Ömər Mətinin 911-lə telefon danışığının tam mətni yayılıb

Umar Mateen

Orlandodadı kütləvi hücumu həyata keçirən Ömər Mətin Pulse klubunda 49 nəfəri qətlə yetirərkən 911-ə zəng edib və ilkin olaraq ərəbcə danışaraq özünü "İslam əsgəri" adlandırıb. Bu, ABŞ Federal Təhqiqat Bürosunun dünən yaydığı telefon danışığının yazılı nüsxəsindən bəlli olub.

"Telefon danığının audiosu yaymasaq da, onu deyə bilərəm ki, qatil bu qəddar bəyanatı açıqladığı zaman çox sakit olduğu və hücumu qəsdən həyata keçirdiyi hiss olunur".

Audionun yazılı nüsxəsinin ilk variantında onun İŞİD və Əbu Bəkr Əl-Bağdadiyə sadiqliyini bildirdiyi hissə çıxarılıb. Ancaq daha sonra Ədliyyə Nazirliyi bildirib ki, mətni olduğu kimi yatmaq qərarına gəliblər. "Qurbanların ailələrinin həssaslığını anlayışlı qarşılasaq da və terrorçu qrupu ictimailəşdirməməyə çalışsaq da, tam mətni yaymaqla şəffaf olmağa çalışırıq" - deyə bəyanatda bildirilir.

FBI agenti Ron Hopper isə qatilin İslam dinini təmsil etmədiyini bildirib: "O, ekstremist qatillərdən ilhamlanan zorakı baxış təmsil edib. Hazırda bizim onun xarici terrorçu qrupdan göstərişlər almasına dair heç bir sübutumuz yoxdur. O, burada radikallaşdırılıb".

FBI rəsmiləri deyir ki, Mətin insanları girov götürdüyü zaman bir neçə telefon danışığı ilə qarşısı alınmağa çalışılıb. O, həmin zaman hücumu ABŞ-ın Suriyada və İraqdakı hücumlarına görə həyata keçirdiyini bildirib.

3 saatlıq qarşıdurmadan sonra polis gecə klubunda reyd keçirərək Mətini öldürüb.