Ohayo universitetinin somalili tələbəsi avtomobilini piyadaların üzərinə sürdükdən sonra avtomobildən düşərək insanları bıçaqlamağa başlayıb. Nəticədə 11 nəfər xəsarət alıb. Bundan sonra şübhəli şəxs polis tərəfindən güllələnərək öldürülüb.
“Biz bu hücumu terror hücumu kimi qiymətləndirməliyik” deyə Kolumbus polis rəsmisi Kim Cakobs bildirib.
Ohayo universiteti hücumumçunun universitetin tələbəsi Əbdül Razak Əli Artan olduğunu müəyyən edib. Kolumbus şəhərinin icma üzvləri Amerikanın Səsinin Somali şöbəsinə müsahibədə hücum edən şəxsin əslən Somalidən 20 yaşlı gənc olduğunu bildirib.
Eyni adlı tələbə avqustda çıxarılan tələbə qəzetində tələbə şəhərciyində müsəlmanların namaz qılması üçün kifayət qədər otağın təşkil edilməməsinə narazılığını bildirib.
Xəstəxana rəsmiləri bildirib ki, hadisə qurbanlarının heç biri ciddi xəsarət almayıb.
Ohayo universitetinin prezidenti Maykl Dreyk hadisə baş verən zaman ikinci hücumçu barədə şaiyələrin dolaşdığını bildirib. Lakin sonradan hücumun yalnız bir nəfər tərəfindən törədildiyi aydın olub. Hadisənin araşdırılmasına Federal Təhqiqatlar Bürosu da qoşulub.
Dreyk hücumun motivi barədə fikir bildirməyəcəyini deyib. O, şübhəlinin avtomobilini yol kənarında dayanan piyadaların üzərinə sürdüyünə görə hücumun qəsdən törədildiyindən əmin olduğunu bildirib.
Bundan sonra şübhəli avtomobilindən düşərək insanları bıçaqlamağa başlayıb.
Tələbələr hadisə baş verən zaman sinif otaqları və ofislərdə gizlənərək, qapıların arxasına stullar tıxayıb.