Bazar ertəsi danışıqlardan xəbəri olan rəsmilər bildiriblər ki, İsrail və HƏMAS arasında atəşkəs əldə etmək üçün çalışan vasitəçilər gecə ərzində razılaşma yolunda irəliləyişlər əldə ediblər.
Birləşmiş Ştatlar, Misir və Qətərin vasitəçiliyi ilə aylarla davam edən danışıqlar döyüşləri dayandıra bilməsə də, ABŞ rəhbərliyində dəyişiklik olacağı bir vaxt səylər sürətləndirilib.
Danışıqlardan xəbərdar olan şəxslər bildirib ki, saziş layihəsi İsrail və HƏMAS rəhbərləri tərəfindən nəzərdən keçirilir.
Razılaşmanın ümumi çərçivəsinə atəşkəs, HƏMAS-ın hələ də saxladığı girovların, İsrail tərəfindən saxlanılan fələstinli məhbusların azad edilməsi və Qəzza zolağında fələstinli mülki şəxslərə humanitar yardımın artırılması daxildir.
ABŞ prezidenti Co Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bazar günü CNN-in “State of Union” verilişinə deyib ki, tərəflər Qəzzada 15 aydan çox davam edən döyüşləri dayandırmaq və 98 girovu azad etmək üçün razılığa “çox, çox yaxındırlar”. Onlardan üçdə ikisinin sağ olduğuna inanılır.
"Biz hələ də ofisdə olduğumuz hər gündən bunu etmək üçün istifadə etməyə qərarlıyıq. Heç bir halda biz bunu bir kənara qoymuruq", Sallivan deyib.
Bayden bazar günü Netanyahu ilə davam edən danışıqlar barədə danışıb.
Ağ Ev bəyanat yayaraq, iki liderin keçən il BMT Təhlükəsizlik Şurasının yekdilliklə təsdiq etdiyi çərçivə əsasında atəşkəs və girovların azad edilməsi razılaşmasını müzakirə etdiklərini bildirib.
Bəyanata əsasən, Bayden “Livanda atəşkəs razılaşmasından sonra dəyişmiş regional şəraiti, Suriyada Əsəd rejiminin devrilməsini və İranın bölgədəki gücünün zəifləməsini” müzakirə edib. Orada "Qəzzada dərhal atəşkəs və bu razılaşmaya əsasən döyüşlərin dayandırılması, humanitar yardımın artması mümkünlüyü ilə girovların geri qaytarılmasına ehtiyac olduğu" vurğulanıb,
Bəyanatda deyilir ki, Netanyahu Baydenə “İsrailə ömürlük dəstəyinə və ABŞ-ın İsrailin təhlükəsizliyi və milli müdafiəsinə verdiyi fövqəladə dəstəyə görə” təşəkkür edib.
Sallivan Baydenin yanvarın 20-də vəzifəsini tərk etməzdən əvvəl hələ də razılığa gəlmək şansının olduğunu, lakin əminliyin olmadığını bildirərək, "Xüsusən də HƏMAS razılaşmamış olaraq qalır" deyib.