ABŞ prezidenti Barak Obama deyib ki, ABŞ və Efiopiya bir çox sahələrdə güclü tərəfdaşdırlar. Lakin Efiopiya rəsmilərini jurnalistlərə və müxalifət partiyalarına daha çox azadlıqlar verməyə çağırıb.
Bazar günü Efiopiya baş naziri Hailemariam Desaleqnlə birgə mətbuat konfransında cənab Obama Efiopiyanın iqtisadiyyatından söhbət açıb və ölkədə milyonlarla insanın təhlükəli yoxsulluqdan çıxarıldığını bildirib. O, eyni zamanda Efiopiyanın Somalidə Əl-Şabab yaraqlı qrupuna qarşı döyüşlərdə mühüm rol oynadığını bildirib.
ABŞ prezidenti baş nazir ilə səmimi söhbət apardığını və müxbirlərlə müxalifət qüvvələrinin azadlıqlarına imkan yaradılmasının hakim partiyanın fəaliyyətinə maneə deyil, yardım edəcəyinə əmin olduğunu bildirib.
Cənab Hailemariam deyib ki, Efiopiya insan haqları və idarəetmə sahələrini təkmilləşdirəcək. “Bizim demokrasiyaya dair öhdəlik götürməyimiz realdır” deyə o bildirib.