Prezident Obama Ramazan ayının başlaması münasibətilə dünya müsəlmanlarına mesaj göndərib

ABŞ prezidenti Barak Obama Ramazan ayının başlaması münasibətilə dünya müsəlmanlarına mesaj göndərib.

“Amerika xalqı adından Mişel və mən Birləşmiş Ştatlar və bütün dünyada müsəlman icmalarına müqəddəs Ramazan ayının başlaması münasibətilə ən xoş arzularımızı çatdırırıq”-deyə cənab Obamanın Ağ Ev tərəfindən açıqlanmış bəyanatında bildirilir.

ABŞ prezidenti deyib ki, Ramazan ayı dünya müsəlmanlarının dua edib, oruc tutmaqla yanaşı, həm də daha az imkanlı insanlara kömək etmək kimi vəzifələrini yerinə yetirməli olduqları haqda düşündüyü bir vaxtdır. Prezident Obama Birləşmiş Ştatlarda iqtisadi bərabərsizlik və yoxsulluğun aradan qaldırılması yolu ilə hamı üçün bərabər imkanların yaradılması işinə sadiq qalan Amerika müsəlman təşkilatları, ayrı-ayrı şəxslər və idarələrə təşəkkürünü bildirib.

“Ramazan ayı eyni zamanda bizə başqaları ilə özümüz kimi davranmalı olduğumuz və sülh, ədalət və bərabərliyə təşəbbüs kimi müxtəlif dinlərə mənsub insanları birləşdirən fundamental prinsipləri bölüşdüyümüzün məsuliyyətini bizə xatırladır”-deyə prezident Obama mesajında bildirib.

ABŞ prezidenti hər il olduğu kimi bu il də Birləşmiş Ştatların hər yerindən amerikalı müsəlmanları Ağ Evdə iftar yeməyində qəbul edəcəyini gözlədiyini deyib. “Bu, mənə Amerika müsəlmanlarının ölkəmizə verdiyi töhfələrə görə Amerikanın minnətdarlığını ifadə etmək və dünya müsəlmanlarına bu mübarək ayda ailə, icma, sülh və anlaşma sevinci arzulamaq üçün daha bir imkan verir. Ramazan ayınız mübarək”-deyə prezident Obama mesajında bildirib.