Birləşmiş Ştatlar prezidenti Barak Obama İslam Dövləti ilə mübarizədə Suriya prezidenti Bəşar Əl-Əsədlə ittifaqda olmadığını desə də, Suriya yaraqlılarından bəziləri ABŞ-ın başçılıq etdiyi hava hücumlarının Dəməşqə yardım etdiyini deyir.
Birləşmiş Ştatlar İslam Dövləti yaraqlılarına qarşı hava hücumlarına başlayandan bəri Suriya hökuməti bu qrupla mübarizədən geri çəkilib. Lakin prezident Obama bunun prezident Əsədlə heç bir əlaqəsi olmadığını deyir.
“Biz Suriya rejimi ilə belə danışmışıq, əgər biz İslam Dövlətinə qarşı hücumlarda onun hava məkanından istifadə ediriksə, onlar buna qarışmayacaq, və bu, Əsədlə heç bir ittifaqa girmək demək deyil. Onun artıq bu dövlətdə etibarı yoxdur.”
Suriyanın mötədil üsyançıları İslam Dövləti ilə mübarizə aparan Obama administrasiyasının hava hücumlarının Suriya ordusuna onlara hücum etmək üçün vaxt qazandırdığını deyirlər. Beləliklə onlar bunu prezident Əsədə yardım kimi qiymətləndirir.
Amerika Universitetinin professoru Qay Ziv belə bir yanaşmanın Vaşinqtonu suallar qarşısında qoyduğunu deyir. "Bu çox mürəkkəb məsələdir. Bəşar Əl-Əsədlə nə etməli? Daxildə də bu məsələ ilə bağlı fikir ayrılıqları var, ABŞ-ın bombardmanları Əsədin xeyrinə, yoxsa zərərinədii? Bizim Yaxın Şərqə müdaxiləmiz Əsəd hakimiyyətini gücləndirəcək, ya zəiflədəcək?"
ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psakinin dediyinə görə, Birləşmiş Ştatlarla Suriya arasında görüşlər və strateji müzakirələr mövcuddur, lakin bunlar rəsmi deyil. “Doğrudur, ciddi suallar meydana çıxır. Biz qərarlar qəbul etmək üçün müzakirələri davam etdirəcəyikmi? Əlbəttə. Suriya bizim üzləşdiyimiz böhranlardan biridir və biz müzakirələri davam etdirməliyik.”
Corctaun Universitetinin professoru Nora Bensahil bu müharibənin aparılması ilə bağlı həm Vaşinqtonun, həm də Əsədin müttəfiqi İranın qarşısında ciddi sualların durduğunu deyir. “Əgər İslam Dövlətinə və Bəşar Əl-Əsədə qarşı qurudan mübarizə aparmaq üçün kiminlə müttəfiq olmamızı əvvəlcədən bilsəydik, işlər çox asan olardı.”
Kürd liderləri ilə də müzakirələr aparmaq üçün İraqa səfər edən Birləşmiş Ştatlar generalı Martin Dempsi İslam Dövlətinə qarşı mübarizəyə başlanmasının vaxtının çatdığını demişdi. Lakin o, bu kampaniyanın uzun illər ala biləcəyini təxmin etmişdi.