Obama Sotloffun öldürülməsi ilə bağlı açıqlama verib

ABŞ prezidenti Barak Obama amerikalı jurnalistin İslam Dövləti qrupunun yaraqlıları tərəfindən edam edilməsini dəhşətli akt adlanıdırıb.

Estoniyada müxbirlər qarşısında çıxış edən prezident Stiven Sotloffu öldürənlərin istəklərinə çata bilmədiklərini deyərək bildirib ki, ABŞ və dünya bu kimi dəhşətlərdən qorxmur.

“Bu dəhşətli hərəkətlər bizi birləşdirir və terrorçularla mübarizədə bizi daha mətin edir. Amerikalılara zərər yetirməklə böyük səhvə yol verənlər bilməlidirlər ki, biz bu əməlləri unutmayacayıq və buna ədalətli cavab veriləcək”-deyə cənab Obama bildirib.

Milli Təhlükəsizlik Şurasının sözçüsü Kaitlin Hayden deyib ki, ABŞ kəşfiyyat agentliyi Sotloffun öldürülməsi nümayiş etdirilən videonu araşdırıb və onun həqiqi olduğunu müəyyən edib. Sotloffun qohumlarının nümayəndəsi ailənin videodan xəbərdar olduğunu və matəm saxladığını bildirib.

Ekstremist İslam Dövləti qrupu yaydığı videoda Britaniya ləhcəsi ilə danışan qara maskalı döyüşçü cənab Obamaya müraciət edərək, Sotloffun ölümünün ABŞ-ın İraqdakı qruplara qarşı hava hücumlarına cavab olduğunu deyib.