Birləşmiş Ştatlar və İsrail arasında münasibətlərin ən aşağı həddə çatdığı bir vaxt ABŞ prezidenti Barak Obama gələn həftə Ağ Evdə İsrailin Baş naziri Benyamin Netanyahunu qəbul etməyə hazırlaşır. Danışıqların diqqət mərkəzində dünya qüdrətləri ilə İran arasında əldə edilmiş nüvə razılaşması olacaq. Görüş həm də Yaxın Şərqdə İsrail və fələstinlilər arasında gərginliyin artdığı bir vaxt keçiriləcək.
Bu il mart ayında Konqres qarşısında danışan İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-ın başçılığı ilə İranın nüvə proqramına dair razılığı ən kəskin bir şəkidlə tənqid etdi.
Benyamin Netanyahu: “Bu, pis razılaşmadır, çox pis bir razılaşmadır. O olmasaydı bizim üçün daha yaxşı olardı.”
Bəzi demokrat qanunvericilər bunu prezident Obamaya meydan oxumaq adlandırdı.
Razılığın əldə edilməsindən bir aydan az vaxtdan sonra prezident Obama Netanyahunun narahatlıqlarını ünvanlamağa çalışdı: “Nüvə silahına malik İran İsrail, Amerika və bütün dünya üçün sanksiyaların yüngülləşdirilməsindən faydalanan İrandan daha böyük təhlükə təşkil edir.”
Noyabrın 9-da iki lider arasında 13-cü görüş məhz bu fonda keçiriləcək.
Ağ Evin sözçüsü Coş Ernest deyib ki, danışıqların diqqət mərkəzində təkcə İran deyil, İslam Dövləti qrupuna qarşı mübarizə və İsrailin təhlükəsizliyinin artırılması məsələləri olacaq:“Baş nazir Netanyahu bundan əvvəl təhlükəsizlik sahəsində Obama administrasiyası tərəfindən təklif edilmiş əməkdaşlığı presedenti olmayan əməkdaşlıq adlandırıb. Bu, fikrimcə, prezidentin şəxsən İsrailin təhlükəsizliyi və iki ölkə arasında sarsılmaz münasibətlərə sadiq qaldığına işarədir.”
Yaxın Şərqdə isə fələstinlərin israillilərə qarşı bıçaqla hücumları və fələstinlilərin İsrail təhlükəsizlik qüvvələri tərəfindən öldürülməsi halları gərginliyin artmasına səbəb olub.
Prezident Obama oktyabr ayında keçirilmiş mətbuat konfransında zorakılıqları tənqid edib və hər iki tərəfi təmkin göstərməyə çağıraraq, ABŞ-ın iki dövlətin mövcudluğu şərti ilə sülh səylərinin dalan dirəndiyini etiraf edib: “Mənim fikrimcə, bu, tərəflərin öhdəsinə düşür və biz onların daha konstruktiv münasibətlərə başlaya bildiyini görsək kömək etməyə hazırıq. Lakin indiki mərhələdə hamı günahsız insanların həyatını itirməməsi məsələsinə diqqət yetirməlidir.”
Con Hopkins universitetinin təhliçisi Daniyel Server deyir ki, Obama Netanyahuya yəhudi yaşayış məntəqələri ilə bağlı təzyiqlərdən başqa çox az iş görə bilər: “Onlar yaşayış məntəqələrini inşa etməyə və İsralin Qərb sahilində mövcudluğunu genişləndirməyə davam edir. Bu isə Amerika və Fələstin perspektivindən tamamilə qəbuledilməzdir, lakin o demək deyil ki bu, davam etməyəcək.”
Prezident Obama özündən əvvəlki başqa Amerika prezidentləri kimi hakimiyyətdən gedənə qədər sülhə bir dəfə də cəhd edə bilər, lakin təhlilçilər deyir ki, həm İsrail, həm də Fələstin liderlərinin iradəsi olmasan bu, cəhd baş tutmaya bilər.