Obama Dallasda faciə ilə əlaqədar Avropa səfərini təxirə salır

Prezident Obama Polşada NATO sammitində

Prezident Obama ABŞ-ın cənub-qərbindəki Dallas şəhərində beş polis zabitinin ölümülə nəticələnmiş hadisəyə görə Avropada səfərini təxirə salır.
Bu qərar ABŞ liderinin şənbə günü Varşavada işini yekunlaşdıran NATO sammitində iştirakına aid deyil. Zirvə görüşündə Rusiyanın alyansın şərq cinahda üzv ölkələrə yaratdığı təhlükələrin qarşısını almaq üçün yeni təşəbbüslərlə bağlı razılıq əldə edilib.

"Prezident Dallas şəhərinin meri Mayk Raulinqsin gələn həftənin əvvəli Dallasa səfər etmək haqda dəvətini qəbul edib"-deyə Ağ Evin sözçüsü Coş Ernestin açıqladığı bəyanatda deyilir.

"Həftənin sonunda prezident Ağ Evdə bizim polis qüvvələri və icmalara dəstək məqsədilə isanların bir araya gətirilməsi və ədliyyə sistemində davam edən irqi qeyri-bərabərlik məsələsinin ünvanlanmasına yönəlmiş siyasi ideyaların müzakirəsi yolu ilə ümumi fikrin əldə edilməsi üçün işi davam etdirəcək"- Coş Ernest bildirib.

Obama şənbə günü İspaniyaya səfər edəcək, lakin onun əvvəlcədən planlaşdırıldığı kimi Sevilya şəhərində kafedral və kral sarayının ziyarəti və kral Felipe ilə görüşü təxirə salınıcaq. Bazar günü Obama Aralıq dənizində ABŞ hərbi qüvvələrinin Rotada hərbi dəniz bazasında əsgərlər qarşısında çıxış edəcək.

Polşa NATO summiti

Rusiya təcavüzü

Prezident Obamanın NATO sammitində sona qədər iştirakı və Rotada ABŞ hərbi qüvvələri ilə görüşü alyans üçün mühüm mərhələnin başlandığına işarə edir. ABŞ rəsmiləri NATO sammitində alyansın diqqəti qabaqlayıcı tədbirlərə yönəltməsini mühüm dönüş nöqtəsi adlandırıb.

ABŞ rəsmilərinin bildirdiyi kimi prezident Obama Rusiya tərəfindən təcavüzün qarşısının alınması məqsədilə Polşaya min nəfərdən ibarət əsgəri qüvvə göndərəcəyini elan edib.

NATO üzvləri həmçinin Baltikyanı ölkələrdə-Estoniya, Latviya və Litvada əlavə qüvvə yerləşdirilməsi haqda razılıq əldə edib. NATO rəsmilərinin sözlərinə görə, bu, İkinci Dünya Müharibəsindən sonra alyansın yerləşdirdiyi ən böyük əsgəri qüvvədir.

Çevik qüvvələrin yerləşdirilməsi haqda qərar Baltikyanı ölkələrin liderlərinin təzyiqləri nəticəsində qəbul edilib.Təhlilçilər bu ölkələrin Rusiya tərəfindən mümkün təcavüz qarşısında zəif olduğunu qeyd edir. Müdafiə sahəsində təhlilçilər isə bildirir ki, son araşdırmalar Rusiya hərbi qüvvələrinin Baltikyanı ölkələrin istənilən paytaxtının nəzarətini 60 saat içində ala bilmək qabiliyyətinə malik olduğunu göstərir.

NATO-nin mövqeyində dəyişiklik etməsinə Ukraynada baş vermiş hadisələrin böyük təsiri olub.

Obamanın şənbə günü NATO-da əsas diqqəti də məhz Ukrayna məsələsinə yönəlib. Rusiyanın iki il bundan əvvəl hərbi müdaxiləsinin sona çatacağına dair hələ heç bir işarə yoxdur.

Polşa NATO sammiti

Əfqanıstanda zorakılıqlar

NATO sammitində əsas diqqət mərkəzində olan daha bir məsələ isə Əfqanıstanda vəziyyətlə bağlıdır. Obama bu yaxınlarda yanvar ayında hakimiyyətdən gedənə qədər ölkədə 8400 nəfərlik əsgəri qüvvə saxlayacağını bildlirib.

Sammitdə qarşıya qoyulan məqsədlərdən biri NATO üzvlərinin Əfqanıstanda zorakılıqların qarşısının alınması ilə bağlı üzərlərinə götürdüyü öhdəlikləri yerinə yetirməsindən ibarətdir. ABŞ Əfqanıstan hərbi qüvvələrinə yardım məqsədilə 3,5 miyard dollar ayırıb.

NATO-nun baş katibi Yens Stoltenberq alyansın digər üzvlərinin Əfqanıstanda səylərə 1 milyard dollar ayırdığını bildirib.