Barak Obama: Faktlar araşdırılmalı, həqiqətlər ortaya çıxarılmalıdır

ABŞ prezidenti Barak Obama Ukraynada Malayziya təyyarəsinin vurulub salınmasına dair açıqlama verib. Ağ Evdə danışan prezident deyib ki, o, Malayziya xalqının kədərini bölüşür.

ABŞ dövlət başçısı bildirib ki, rusiyapərəst separatistlər son bir neçə gün ərzində Ukraynanın hərbi təyyarələri və vertolyotlarını da vurub.

Obama deyib ki, 298 insanın ölümü böyük qəzəblərə səbəb olub.

“Rusiya separatistləri silahla təmin edir, onlara təlimlər verir. Bu, qlobal bir facıədir. Mülki vətəndaşlarının həlak olduğu hadisə ilə bağlı beynəlxalq təhqiqat aparılmalıdır. Rusiya və Ukrayna təcili atəşkəs əldə etməlidir. ABŞ lazımı olan bütün yardımlara hazırdır. Beynəlxaq tərəfdaşlari ilə iş birliyə hazırdır. İndi görüləcək əsas iş əzizlərini itirənlərin yaralarının sağalmasına yardım etməkdir. Faktlar araşdırılmalı, həqiqətlər ortaya çıxarılmalıdır. Biz həqiqətlərin üzə çıxarılacağından əmin olmalıyıq. Ukrayna hökumətinin sülh səyləri baş tutmayıb. Separatistlər dəfələrlə atəşkəsin şərtlərini pozub. Rusiya Ukraynanın suverenliyinin qorunması kimi öhdəliyə əməl etmir. Rusiya, sepatistlər və Ukrayna bütün səylərini səfərbər edib, böhranı həll etməlidir," deyə prezident Obama bildirib.

ABŞ prezidenti Rusiya prezidenti Vladimir Putinlə telefonla danışdığını və onu Ukraynada situasiyanı sakitləşdirmək üçün addımlar atmağa çağırdığını deyib.

O, fəlakətin təhlükəsizlik və sülhün bərqərar edilməsinin vacibliyini bir daha önə çəkdiyini deyib.

Bütün dünyanın gözünün şərqi Ukraynada olduğunu vurğulayan Barak Obama regionda əmin-amanlığın bərpa edilməsinə çağırıb.

Qəza qalıqlarına toxunulmamasına çağıran prezident vurulan təyyarənin içərisində 100-dən çox QİÇS tədqiqatçısının olduğunu deyib.