Obama əyləncə sənayesinin iqtisadiyyata verdiyi töhfələri qeyd edir


ABŞ prezidenti Barak Obama ölkənin Qərb bölgəsinə üç günlük səfərini Kaliforniyada cizgi filmləri istehsal edən DreamWorks studiyasında əyləncə biznesinin iqtisadiyyata verdiyi töhfələri qeyd edərək başa çatdırır. Cənab Obama Kaliforniya ştatında Glendeyldə yerləşən studiyada əyləncə biznesinin aparıcı icraçı direktorları ilə görüşüb. Kino-studiya prezident Obamanın siyasi kampaniyasına maliyyə vəsaiti toplanmaqla yanaşı, ona mühüm dəstək verib.

Studiyanın icraedici direktoru Ceffri Katzenberq ABŞ prezidentinin siyasi kampaniya vermiş əsas donorlardan biridir. Washington Post qəzetinin verdiyi məlumata görə, Katzenberq Obamanı dəstəkləyən komitəyə 3 milyon dollar məbləğində ianə etməklə yanaşı, cənab Obamanın 2008 və 2012-ci illərdə seçki kampaniyası üçün 500 min dollardan artıq vəsaitin toplanmasına yardım etib.

Ağ Ev DreamWorks studiyasının icraedici direktorunun maliyyə dəstəyinin ABŞ prezidentinin oraya səfəri ilə əlaqədar olmadığını bildirib. Rəsmilərin sözlərinə görə, prezidentin səfəri ABŞ iqtisadiyyatının tənəzzüldən çıxmağa çalışdığı bir vaxt əyləncə sənayesində uğurların göstərilməsi məqsədi daşıuır.

ABŞ-ın Əmək Statistikası Bürosu oktyabr ayında kino, səsyazma və yayım sahələrində 4 min 100 yeni iş yerinin açıldığını bildirib. Bu, keçən ay ABŞ-da açılmış 204 min yeni iş yerinin təxminən iki faizini təşkil edir.