ABŞ-ın birinci xanımı Yaponiyaya səfər edir

Birləşmiş Ştatların birinci xanımı Mişel Obama qadınlar üçün qlobal təhsil təşəbbüsü proqramı çərçivəsində Yaponiyaya 3 günlük səfər edir.

Tokioya bu gün axşam çatan xanım Obama çümə axşamı ölkənin baş naziri Şinzo Abe və onun həyat yoldaşı Aki ilə ayri-ayrılıqda görüşlər keçirəcək. Mişel Obama cümə günü turistlərin məkanı Kiotoya yola düşməzdən əvvəl Yaponiya imperatoru və imperiatrisası ilə də görüşməyi planlaşdırır.

Birinci xanım keçən il Yaponiyaya səfər edərkən prezident Obamanı müşaiyət edə bilməmişdi. Buna görə də bu səfər zamanı o zaman qaçırılmış fürsətdən indi istifadə edilməsi kimi qiymətləndirlilir.

Ağ Evin açıqladığı bəyanatda deyilir ki, xanım Obama dünya boyu məktəbdə təhsil ala bilməyən 62 milyon qızın maarifləndirilməsinə yardım məqsədilə Birləşmiş Ştatlar və Yaponiyanın "Qızlar gəlin oxuyaq" adlı proqramda əməkdaşlıq edəcəyini elan edəcək.