ABŞ İraqa diplomatları qorumaq üçün hərbi mütəxəssislərdən ibarət əlavə qüvvə göndərir

Prezident Barak Obama Bağdadda Amerika diplomatları və ABŞ-ın nümayəndəliklərini qorumaq üçün İraqa əlavə 350 hərbi mütəxəssis göndərmək barədə sərəncam verib.

Ağ Evin bildiridyinə görə, bu haqda müraciət Dövlət Departamentindən gəlib. Əlavə hərbi personal əməliyyatlarda iştirak etməyəcək və ABŞ vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi missiyasını yerinə yetirəcək.

Birləşmiş Ştatlar İslam Dövləti qrupuna qarşı hava hücumları həyata keçirib. Cənab Obama Amerikanın maraqlarının qorunması üçün hava hücumlarının davam etdiriləcəyini deyib.

İraqın şimalı və Suriyanın böyük hissəsini ələ keçirən İslam Dövləti qrupu paytaxt Bağdadı ələ keçirməklə hədələyib.

Amnesty İnternational insan haqları təşkilatının yaydığı yeni hesabatda İslam Dövləti qrupu etnik təmizləmədə günahlandırılır.

Hesabatda İraqın şimalında kütləvi qətliam və minlərlə insanın qaçırılması hallarının kütləci xarakter aldığı bildirilir.

İslam Dövləti qrupu tərəfindən qaçırılan əsgərlərin qohumları Bağdadda parlamentin qarşısına toplaşaraq əlavə məlumat verilməsini tələb ediblər.

Bəzi ailə üzvlərinin parlamentdə hadisə ilə bağlı iclasda iştirak edəcəyi gözlənir.

Prezident Barak Obama bu həftə keçiriləcək NATO summitində digər ölkələrin liderləri ilə İslam Dövləti qrupuna qarşı strategiyanı müzakirə edəcək.