ABŞ-ın İraqda seçimləri [Video-Təhlil]

Your browser doesn’t support HTML5

Birləşmiş Ştatlar prezidenti Barak Obama və onun məsləhətçiləri İraq hökuməti qüvvələrinin Əl-Qaidə ilə əlaqədə olan yaraqlılara qarşı mübarizəsini diqqətlə izləyirlər. İraqa pilotsuz təyyarələr və raketlər göndərən Vaşinqton şiələrin çoxluq təşkil etdiyi hökuməti və sünni qəbilə liderlərini yaraqlılara qarşı birləşməyə çağırır. Lakin təhlilçilər ABŞ-ın imkanlarının məhdud olduğunu deyir.

İraq ordusu qərbdəki Ənbar vilayətinin Ramadi və Falluca şəhərlərində Əl-Qaidə ilə əlaqəsi olan İslamçı yaraqlılarla üzləşir. İraq üçün ən böyük problem 2011-ci ildə ABŞ ordusunun ölkəni tərk etməsindən sonra sünni yaraqlıların hər iki şəhərin çox hissəsində nəzarəti ələ alması oldu.

Yaraqlıların bu yaxınlarda fəaliyyətinin artması ABŞ ordusunun 2003-cü ildə İraqa girməsindən sonrakı vəziyyətə bənzəyir. Baş nazir Nuri Əlk-Maliki Ənbar vilayətindəki qəbilə liderlərini Əl-Qaidə yaraqlılarını bölgədən qovmağa çağırıb.

Lakin Brukinqs İnstututundan milli təhlükəsizlik üzrə təhlilçi Maykl Ohanlon zorakılıqların arta biləcəyini deyir. “Əgər bir bölgədə hansısa qrupu vəhşicəsinə məhv edirsinizsə, bununla eyni təriqətdən olan digər qrupların hiddətini artırırsınız. Siz kimlərisə zərərləşdirdiyiniz halda yeni düşmənlər qazanırsınız”.

Prezident Obama İraqdan ABŞ ordusunun çıxarılmasını özünün böyük nailiyyəti hesab etsə də, hələ ki, iki ölkə arasında Amerika hərbi qüvvələrinin mövcudluğu məsələsi barədə razılıq əldə edilməyib. Cənab Obama İraqa yenidən hərbi qüvvə göndərilməsini istisna etsə də, hava-yer raketləri və pilotsuz təyyarələr göndərməkdə davam edir.

Respublikaçıların İraqla bağlı yeni tənqidlərinə cavab verən cənab Obamanın mətbuat katibi Cey Karni Amerika qüvvələrinin dinlərarası münaqişəyə son qoya biləcəyinə dair heç bir dəlil olmadığını deyir. “İraqda 150 000 Amerika əsgəri olduğu vaxt da dəhşətli təriqətlərarası zorakılıqlar var idi. Buna görə də, 10 000 əsgərin buna son qoyacağı fikri yanlışdır.”

​Hərbi təhlilçi Entoni Qordsman Ənbar vilayətinin sünnilərlə şiələr arasında düşmənçiliyin ən qızğın yer olduğunu və ABŞ-ın buna dair ən optimal seçim etməli olduğunu deyir. “Bu şəraitdə biz sadəcə sakit şəkildə tərəfləri bir araya gətirə Maliki hökumətini balanslı mövqe sərgiləməyə sövq edə bilərik ki, o, sünnilərlə münasibətində yumşalsın, onlara hörmətlə yanaşsın."

2003-cü illə 2011-ci illər arasında İraqda 4500-ə qədər Amerika əsgəri ölüb.
Rəy sorğuları göstərir ki, əksər amerikalılar İraq müharibəsindən əldə olunan nailiyyətləri sual altına alır.