Barak Obama həlak olan polis zabitlərinin dəfn mərasimində iştirak edəcək

ABŞ prezidenti Barak Obama snayper hücumu zamanı həlak olan beş polis işçisinin dəfn mərasimində iştirak etmək üçün Texas ştatının Dallas şəhərinə səfər edib. Mərasim zamanı Obama Amerika xalqına müraciətlə çıxış edəcək.

Bu, Obamanın prezidentliyi dövrü kütləvi qətl hadisələri ilə əlaqədar 11-ci çıxışıdır.

Ağ Evin sözçüsü Coş Ernest bildirib ki, prezidentin müraciəti təkcə Dallas şəhərinin sakinləri deyil, bütünlükdə Amerika xalqına ünvanlanıb.

Mindən çox insan bazar ertəsi günü Dallasda həlak olanların xatirə mərasimində iştirak edib.

Dallas şəhərinin polis rəisi Deyvid Braun polis işçilərini qəhrəmanlarla müqayisə edib. O deyib ki, polis departamenti öz missiyasını yerinə yetirməyə çalışır, hazırda isə əsas məqsəd hadisə qurbanlarının ailələrinə dəstək göstərməkdən ibarətdir.

Dallasda keçən həftə baş vermiş atışmada doqquz polis zabiti və iki mülkü vətəndaş yaralanıb.