ABŞ prezidenti Afrika səfərinin sonuncu dayanacağı Tanzaniyadadır [Fotoqalereya]

ABŞ prezidenti Afrika səfərinin sonuncu dayanacağı Tanzaniyadadır. Barak Obamanı Dər Əs-Salam hava limanında ölkə prezidenti Cakaya Kikvete rəqs və zərb alətləri ansambları ilə qarşılayıb.

Tanzaniyada qalacağı iki günlük müddət ərzində prezident Obama cənab Kikvete və biznes liderləri ilə görüşlər keçirməli, biznes liderlərinin forumunda çıxış etməlidir.

Barak Obama sabah sabiq prezident Corc Buşla bərabər 1998-ci ildə ABŞ-ın Tanzaniyadakı səfirliyinin partladılması zamanı həlak olanların məzarına əklil qoyacaq.

Birinci xanım Mişel Obama sabiq birinci xanım Lora Buşla qadınların təhsili və sağlamlığına həsr edilən konfransda görüşməlidir.

Tanzaniya ABŞ dövlət başçısının enerji istehsalının artırılmasına dair təşəbbüsünə qoşulan 8 ölkədən biridir.

Cənubi Afrikada prezident Obama 7 milyard dollarlıq proqramına dair açıqlama vermişdi. Proqram regionda elektrik imkanlarını iki dəfə artırmalıdır.