Prezident Obama Konqresi iqtisadi islahatları dəstəkləməyə çağırıb

  • Amerikanın səsi

ABŞ prezidenti Barak Obama Konqresi istehlakçıların hüquqlarının müdafiəsi məqsədilə üç il bundan əvvəl başladığı iqtisadi islahatları dəstəkləməyə çağırıb.

Həftəlik müraciətində cənab Obama Konqresdə bəzi respublikaçı nümayəndələr və lobbiçiləri onun təklif etdiyi islahatları gecikdirməkdə günahlandırıb.

Prezident Obama bankların daha çox nəqd pul saxlaması, fəaliyyəti qənatəbəxş olmayan maliyyə qurumlarının rəhbərlərinin imtiyazlarının əlindən alınması və vətəndaşların maliyyə fırıldaqlarından qorunması məqsədilə istehlakçıların hüquqlarını müdafiə edən təşkilatın yaradılmasını nəzərdə tutan islahatları qeyd edib. O, maliyyə sistemində zəif qanunlar və nəzarətin olduğu bir dövrə qayıtmağın mümkün olmadığını deyib.

Respublikaçıların cavabında Viskonsin ştatından ABŞ senatoru Ron Conson Senatdakı demokratları və prezident Obamanı büdcənin qəbul edilməməsinə görə kəskin tənqid edib.

Demokratların nəzarət etdiyi Senat çərşənbə günü 2013-cü il dövlət büdcəsinə dair təqdim edilmiş beş planı rədd edib.

Senator Conson Senatdakı demokratların məsuliyyəti öz üzərinə götürmək istəmədiklərini və prezident Obamanın büdcənin qəbul olunması üçün qanuvericilərə kifayət qədər təzyiq göstərmədiyini deyib.