101 nəfər koronavirusa yoluxub, bir nəfər vəfat edib

Koronavirus

Mayın 15-də Azərbaycanda 101 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 53 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Məlumatda deyilir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, xronik böyrək çatışmazlığı, xronik pielonefrit və arterial hipertoniya xəstəliyi olan 1977-ci il təvəllüdlü vətəndaş vəfat edib.

Hazırkı dövrədək ölkədə 2980 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1886 nəfər müalicə olunaraq sağalıb, 36 nəfər vəfat edib, 1058 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 37 nəfərin vəziyyəti ağır, 47 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Son 11 günün (mayın 4-dən 15-dək) statistikasına görə, ölkədə 947 yeni yoluxma halı aşkarlanıb, 392 nəfər sağalaraq evə buraxılıb. Bu isə əvvəlki günlərlə müqaisədə iki dəfədən çox artım deməkdir. Müşahidəçilər yoluxma hallarının daha da artaşağını güman edir.

Buna baxmayaraq, Nazirlər Kabineti yanında Operativ Qərargah mayın 18-dən karantin rejiminin yumşaldılması barədə qərar qəbul edib. Qərara görə, mayın 18-dən SMS icazə ilə insanların evdən çıxması, xüsusi vəsiqə və arayışlarla işə çıxma sistemi ləğv edilir. 65-dən yuxarı yaşı olan insanların evdən çıxmasına tətbiq edilən qadağa aradan qaldırılır. Restoranlar, kafelər, ictimai iaşə obyektləri, parklar açılır.

Bununla yanaşı, kütləvi tədbirlərin keçirlməsinə tətbiq edilən qadağalar qüvvədə qalacaq. 10 nəfərdən çox insanın bir yerə toplanması qadağandır. Ölkəyə giriş-çıxışa tətbqi edilən qadağa mayın 31-dək qüvvədədir.