Parlamentin oktyabrın 11-də keçiriləcək iclasında Azərbaycanın iki dövlət bayramının – Respublika və Müstəqillik günlərinin adlarının dəyişdirilməsi ilə bağlı layihəni müzakirə edəcək. Layihə müəllifləri Respublika Gününü (28 may) Müstəqillik Günü, Müstəqillik Gününü (18 oktyabr) isə Müstəqilliyin Bərpası Günü adlandırmağı təklif edirlər.
"Bu məntiqlə yanaşsaq..."
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı "Turan"a bildirib ki, bayramların adının dəyişdirilməsinin arxasında hər hansı pis niyyətin olması ilə bağlı fikirlər cəfəngiyatdır: "28 may 1918-ci ildə Azərbaycan öz müstəqilliyinə qovuşub, müstəqil dövlət kimi fəaliyyətə başlayıb. Həmin gün başlanan bu müstəqillik iki il sonra bolşeviklərin işğalı nəticəsində sona çatıb. 1991-ci ildə (18 oktyabr) isə biz yenidən, bu dəfə əbədi olaraq müstəqilliyə qovuşmuşuq".
Deputat xatırladıb ki, Azərbaycan məhz 1991-ci ilin oktyabrında qəbul olunan Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı ilə özünü 1918-ci ildə yaradılan Azərbaycan Cümhuriyyətinin varisi elan edib: "Bu məntiqlə yanaşsaq, bu müstəqillik olmasaydı, hansı respublikadan söhbət gedə bilərdi? Azərbaycan Sovet Sosialist Respublikası da var idi. Ancaq o müstəqil deyildi".
"Daha doğrudur"
Komitə üzvünün fikrincə, mayın 28-ni Müstəqillik Günü kimi qeyd etmək daha məntiqli, tarixi və doğrudur: "1991-ci ildə Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbulu da, əslində, Müstəqilliyin Bərpası Günü kimi qeyd olunmalıdır. Müstəqillik 1918-ci il mayın 28-dən başlayır və həmin gün tarixə belə də düşməlidir".
Milli Şuranın sədri, tarixçi Cəmil Həsənli isə bildirib ki, 1918-ci il mayın 28-də Respublikanın (Cümhuriyyətin) elan edilməsi Azərbaycan xalqının böyük tarixi nailiyyəti idi: "Buna görə həmin gün millətimizin tarixinə Respublika Günü kimi daxil olmuşdu. İndi onun adını dəyişdirib Müstəqillik Günü qoymaq istəyirlər. Səbəbsiz deyil".
"Respublikanın alternativi monarxiyadır"
Onun sözlərinə görə, Azərbaycanda 1990-cı ildən indiyə qədər mayın 28-i Respublika Günü kimi qeyd edilib: "İndi nə baş verib ki, "respublika" ifadəsindən imtina edirlər? Respublikanın alternativi monarxiyadır. "Respublika" sözünün mənası xalqa xidmət deməkdir. Faktiki olaraq Əliyevlər özlərinə, öz ailələrinə xidmət edir, ölkənin sərvətlərini şəxsi varlanmaq subyektinə çevirir, ofşor krallığı yaradıblar".
"Bir ailənin əbədi idarəçiliyinə hüquqi zəmin yaratdılar"
Cəmil Həsənlinin fikrincə, milləti ailə monarxiyasına adaptasiya etmək istəyirlər: "Bir şəxsin ömürlük prezidentliyinə qoyulan məhdudiyyətləri də addım-addım bu formada qaldırıb ömürlük bir şəxsin idarəçiliyinə yol açdılar. Bir ailənin əbədi idarəçiliyinə "hüquqi" zəmin yaratdılar. 28 May ölkəmizin taleyində və tarixində respublika üsul idarəsinin doğuşu günüdür, Respublikanın ad günüdür, təvəllüd tarixidir. İndi ölkəni bu tarixdən məhrum etmək istəyirlər. "Respublika" ifadəsindən imtina monarxiyanın rəsmiləşdirilməsinə yol aça bilər".
"Babalarımız məhz Qərb tipli bir respublika qurmağa üstünlük verdilər"
Siyasi şərhçisi Şahin Cəfərli də hesab edir ki, sözügedən son layihə yanlışdır. O, AzadlıqRadiosuna bildirib ki, mayın 28-nin Respublika Günü və bayramı kimi qeyd edilməsi daha doğru olardı: "Çünki həmin tarixdə məhz demokratik və dünyavi Azərbaycan dövlətinin qurulduğu elan olunub. Yəni, hansısa padşah, sülalə rejimi qurulmayıb, hansı ki, bunu da edə bilərdilər. Amma qurucu babalarımız məhz Qərb tipli bir respublika qurmağa üstünlük verdilər".
Ekspert bu məsələdə xoş niyyət görmədiyini deyir: "Məlumdur ki, bizim indiki hökumətimiz 28 Maya və quruculara, xüsusən də Məhəmməd Əmin Rəsulzadəyə heç də xoş münasibət bəsləmir və bir az qısqanclıqla yanaşırlar. Düşünürəm ki, həmin dəyişiklik təklifi də məhz o qısqanclıqdan irəli gələn bir məsələdir".
Bu mövzu hazırda sosial şəbəkələrdə, cəmiyyətdə də geniş müzakirə edilir. Bu mövzuda AzadlıqRadiosuna danışan sadə insanlardan biri elə belə də dedi: "Nə şirin sözdür - respublika".