Nyu Yorkda əntiq kitab yarmarkası

Your browser doesn’t support HTML5

Nyu Yorkda vaxtaşırı kitabla bağlı müxtəlif mövzuları əhatə edən tədbirlər baş tutur. Bunlardan ən önəmlisi ildə bir dəfə keçirilən Beynəlxalq Əntiq Kitab Yarmarkasıdır. Bu yarmarka öyrəşdiyimiz ikinci əl kitab bazarlarından fərqlənir.

Osmanlı dövrünə aid kitab

Buradakı kitablar köhnəldiyi üçün daha ucuz satılmır, əksinə, təqdim olunanlar şərab kimi köhnəldikcə dəyəri artan nüsxələrdir. Ədəbiyyat, incəsənət, siyasət və ya elm dünyasındakı kifayət qədər önəmli insanların əsərlərinin ilk nüsxələri yarmarkada satışa çıxarılıb. Məsələn, Viktor Hüqonun ilk əsəri, və ya dünyada nəşr olunan ilk İncillərdən biri, Nyutonun imzalı məqaləsi, Tomas Ceffersonun kitabxanasında yer alan lüğət, Aleksandr Dümanın əsərlərinin ilk nəşri kimi yüzlərlə qiymətli əsər.

Adi insanlar bu yarmarkaya sadəcə muzey kimi, kitablara baxmaq üçün gəlir. Çünki satışda olan əsərlər bank hesabında xeyli pul olan insanlara xitab edir. Dəyərli əsərlərin qiyməti 2 min dollarla 700 min dollar arasındadır.

Yarmarkada kitablardan başqa Marsel Prust, Pikasso kimi dahilərin məktubları, avtoqraflı şəkilləri də təqdim olunub. Həmçinin 16-cı əsrdən qalma xəritələr, ilk açıqca nümunələri, qeyri-adi dizaynı olan ilk kitab- dəftərlər. Əntiq kitab yarmarkasında dünyanın ən böyük kitabları kimi, ən kiçik ölçülü miniatür əsərləri də yer alıb. Qısacası, nyu-yorklular Qutenberqdən günümüzə qədər nəşr olunan ən nadir əsərləri yaxından görmək şansı qazanıblar.

59-cu Əntiq Kitab Yarmarkası

Yarmarkada satışa çıxarılan ən qeyri-adi sənəd isə Amerikanın quldarlıq dövründən qalan qul sənədi olub. Vaxtilə Amerika dövləti tərəfindən təsdiqlənən tarixi sənədin qiyməti 3 min dollardır.

Həmsöhbətimiz Adrian bizə yarmarkadakı təcrübələrindən bəhs edib:

“Böyük Britaniyadan, daha dəqiq desək, Uelsdən qatılmışıq. Əntiq kitab satışı işinin çox dəyərli olduğunu düşünürəm. Biz kitab kolleksiyası hazırlayaraq dünyanın bütün hikmətini bir araya toplayırıq. Kolleksiyamız Britaniya və Amerika ədəbiyyatndan ibarətdi. Hazırda “Harry Potter” əsərinin çap olunmuş ilk nüsxəsi əlimizdədir. Kitabın ilk səhifəsində yazarın avtoqrafı da var. Gətirdiyimiz daha bir maraqlı və nadir kitab seriyası isə, Ceyn Ostinin 1814-cü ildə çap olunmuş əsərlər seriyasıdır.”

Sərgidə rus və sovet ədəbiyyatına aid də bir çox kitab gördük. Bunlardan ən dəyərlisi dəyərli şair Sergey Yeseninin 1923-cü ildə Berlində çap etdiyi şeirlər toplusudur. Sərgidə həmçinin Osmanlı imperiyasında dərc olunan kitablar da yer alıb.

Osmanlı İmperiyasına aid kitab

Avstriyalı kolleksiyaçı Hüqo söylədi ki, kolleksiyasındakı ən dəyərli nümunə ərzurumlu astronom və filosof İbrahim Haqqının “Mərifətnamə” kitabıdır. 1819-cu ildə qələmə alınan əsər İslam tarixinin önəmli ensiklopediyalarından biridir.

Əntiq kitab yarmarkası sayəsində dünya kitabları Nyu Yorka, nyu-yorklular isə kitablara, kitablardan da tarixə səyahət ediblər.