Nyu Yorkda milli dadlar

Your browser doesn’t support HTML5

Nyu Yorkda Milli Dadlar

Daha öncə Brayton insanlarının həyat tərzi, əyləncələri haqda sizə danışmışdıq. Bəs post-sovet camaatı Nyu Yorkda hansı dükanlardan bazarlıq edir? Düzdür ki, Amerikada hamburgerdən başqa yemək yoxdur? Deyirlər xaricdə meyvəni kilo ilə deyil, ədəd-ədəd satırlar? Bu gün bu qəribə suallara cavab verəcəyik.

Gurmanoff marketində paytaxt salatı

Nyu Yorkda bizim insanlara xitab edən supermarket şəbəkələri çoxdur. Bu marketlərdə hər şey bizim öyrəşdiyimiz qaydada idarə olunur. Ət çeşidləri, meyvə növləri, tərəvəz və göyərtilər. Gourmanoff supermarketi belə məkanlardan biridir. Burada papayya kimi ekzotik meyvələr də var, dadına öyrəşdiyimiz tərəvəzlər, lap elə pomidor şirəsi və ya tərxun limonadı da.

2014-cü ildə açılan supermarketdə Rusiya, Ukrayna, Özbəkistan Gürcüstan malları kimi, İtaliya və Fransadan ixrac olunan mallar da satılır. Gourmanoff supermarketində həmçinin Azərbaycanda istehsal olunan təbii nar şirəsi də tapa bilərsiniz. Nyu Yorkda balıq konservlərdindən tutmuş, xiyar turşusuna, basmati düyülərindən, hazır pelmeni və ya düşbərələrə kimi bütün yerli dadlar əlçatandır.

Gurmanoff marketində qatılaşdırılmış süd

Alimlərin dediyinə görə, hər bir insanın ağız dadı 5 yaşına kimi yediyi yeməklərə görə formalaşır. Və hər bir insanın nəzərində ən dadlı yeməklər məhz anasının bişirdikləridir. Bax elə bu mənada vətəndən uzaqlarda yaşayanlar mütləq vərdiş etdikləri dadları axtarır, qismən tapanda isə çox rahat olurlar.

Sözügedən supermarketin bu qədər populyar olmasının bir səbəbi də var. Burada milli ərzaqların satışıyla yanaşı hazır yeməklər də təklif olunur. Tez-tez yenilənən yemək menyusunda “ev kotletindən” tutmuş, paytaxt salatı, badımcan salatı, hətta kabablara qədər bir çox yerli yeməklər var. Braytonda yerləşən Gourmanoff marketi post-sovet ölkələrinin milli mətbəxlərinin görüşdüyü ortaq nöqtədir. Elə alıcılar arasında da bizim insanları görmək, mağazada rus, ukrayna, özbək, azərbaycan, gürcü dillərində danışıqlar eşitmək normal haldır. Yəni insanları bura gətirən yalnız ərzaq malları almaq ehtiyacı deyil, həm də ümumi bir nostaljidir.

Gurmanoff marketində meyvə-tərəvəz

Beləliklə, Nyu Yorkda yaşayan emiqrantlar vətənlərindən uzaqda ikən, bu dadların sayəsində öz uşaqlıqlarına qayıtmaq imkanı qazanırlar. Bunun üçün bahalı təyyarə bileti deyil, bir torba ucuz yemək almaq kifayətdir.