Piano ifaçısı Nərgiz Əliyarova norveçli musiqiçi Eldbyorq Hemsinq ilə birgə “Şərqdən Qərbə” adlı konsert keçirib. Konsert Nyu York şəhərinin ən prestijli konsert məkanlarından biri olan Bruno Ualt səhnəsində baş tutub.
Azərbaycanın əməkdar artisti Nərgiz Əliyarova həm Baroq, həm də müasir musiqi janrlarında ifa edir. O, bu günə qədər dünyanın 40-a yaxın şəhərində həm simfonik, həm də kamera musiqisi təqdim edib.
Nərgiz xanım artıq bir neçə ildir ki, Nyu Yorkda yaşayır və musiqi fəaliyyətinə burada davam edir. O, musiqiçi olmaqla yanaşı, həmçinin sosial fəaliyyətlə də məşğuldur:
“Bizim cəmiyyətimizin adı Milli Musiqi və Qlobal Mədəniyyətdir. Biz çalışırıq ki, hər dəfə fərqli mədəniyyət nümayəndəsini Nyu York şəhərində təbliğ edək. Daha öncə Afro-Amerikan musiqisinə həsr olunmuş konsert keçirmişdik. Bundan başqa, rus bəstəkarlarının xatirə gecəsini keçirmişik. Bu gün isə Norveç mədəniyyətini Nyu York şəhərinə təqdim edirik. Eyni zamanda Azərbaycan mədəniyyətini də təbliğ etməyə davam edirik. Çox sevinirəm ki, bu konsertdə Azərbaycan klassik musiqisini gündəmə gətirdik. ”
Nərgiz xanımın tərəf müqabili skripka ifaçısı Eldbyorq Hemsinq Avropada geniş kütlələr tərəfindən tanınır və sevilir. O, Vyana, Çexiya, Hollandiya, Şanxay, Çin, Norveç və digər ölkələrin dövlət simfonik orkestri ilə birlikdə çıxış edib. 2012-ci ildə Nobel mükafatı laureatlarının təltif olunma mərasimində çıxış edib.
Konsert zamanı musiqiçilər rəngarəng proqramla çıxış edib. Musiqiçilər həm Norveç, həm də Azərbaycan bəstəkarlarından parçalar ifa edib. Norveçin məşhur bəstəkarları olan Bjarne Brustad, Edvard Gregin musiqiləri səslənib. Azərbaycan klassik musiqi repertuarından isə Qara Qarayev, Firəngiz Əlizadə, Arif Məlikovun mahnılarına yer ayırılıb. Musiqiçilər həmçinin Rusiya bəstəkarı Prokofyevdən bəstələr səsləndirib.
Konsert çox böyük uğurla başa çatıb. Nərgiz Əliyarovanın sözlərinə görə, Milli Musiqi və Qlobal Mədəniyyət cəmiyyətinin təşkil edəcəyi növbəti tədbir Nəsiminin 600 illik yubileyinə həsr olunacaq.