Nyu-Yorkun ən böyük yemək festivalı

Your browser doesn’t support HTML5

Smorqasburq Amerikanın ən böyük yemək yarmarkasıdır. Bu yarmarka Nyu- Yorkda keçirilir. Hər həftə sonu yarmarkada 100-dən çox yerli yemək markasının kiçik dükanı qurulur. Yarmarka şənbə günləri Bruklində yerləşən East River parkında baş tutur. Bazar günləri isə Prospekt parkında keçirilir. Hər həftə bu yarmarkada təxminən 20-30 min insan iştirak edir.

Amerika şirniyyatları

Marketin adı İsveç dilindən gələn “Smörgåsbord” sözü ilə məkanın adı olan Vilyamsburqun birləşməsidir. “Smörgåsbord” skandinav dilində, açıq bufet və ya furşet dediyimiz yeməklərlə dolu masasın adıdır.

Bu yemək tədbiri 2011-ci ildən etibarən yeni açılan bizneslərə və istedadlı aşpazlara özünü tanıtmaq imkanı yaradır. Nyu-York Tayms Smorqasburqu hər yay keçirilən rok festivallara bənzədib.

Smorqasburq festivalı

Bruklinin yemək şənliyi olan Smorqasburqda nəyinki 100 fərqli aşpazın yeməyi nümayiş olunur, bəlkə də dünyanın eyni sayda fərqli ölkəsinin milli mətbəxləri də sərgilənir. Eyni yerdə Himalay mətbəxindən sup içib, koreyalıların salatını yeyə bilərsiniz. Daha sonra Sudan mətbəxinin isti yeməklərini dadına baxıb, skandinavların isti şərabını dada bilərsiniz. Ən sonda da yaponların məşhur dessertlərinin dadına baxıb, üstünə də Hindistan qəhvəsi içə bilərsiniz. Yarmarkanın bu qədər məşhur olmasının da səbəbi məhz budur. Xüsusilə də yemək şəkillərinin sosial mediada bu qədər məşhur olduğu dövrdə.

Həmçinin market daha öncə mövcud olmayan qeyri-adi görünüşlü yeməkləri ilə də məşhurdur. Məsələn, yeməli boyalı yumurtalar, ananasın içində təqdim olunan qızardılmış toyuq, ənənəvi yapon yeməklərinin burger versiyası, pizza desserti kimi ekzotik yeməklərlə qarşılaşa bilərsiniz.

Festival yaz-yay aylarında daha məşhur olsa da, il boyu keçirilir. Qış aylarında festival müxtəlif qapalı məkanlarda keçirilir. Yəni, yemək yarmarkası hər zaman East River parkında keçirilimir.

Havay mətbəxi

Bu yay Smorqasburq festivalı daha bir yeniliyə imza ataraq açıq havada yemək yeməklə yanaşı film izləmək imkanı da yaradacaq. Yay boyu hər cümə axşamı keçiriləcək açıq hava film nümayişlərində parkın ziyarətçiləri filmdən öncə Smorqasburqun məşhur yemək evciklərindən yemək ala biləcək.

Dünyanın yemək mərkəzlərindən biri olan Nyu-Yorkda belə bir yarmarkanın keçirilməsi çox da çətin iş deyil. Yenə dünyanın bütün xalqları ortaq dəyərlərdən biri olan dadlı yemək ətrafında toplaşır və möhtəşəm yeməklərdən və Manhattan mənzərəsindən feyziyab olur.