ABŞ-ın Nyu-York şəhərində yerləşən nüfuzlu Nyu-York Universitetinin Stern Biznes Məktəbində ənənəvi “Pasport günü” keçirilib. Universitetin dekan və professorlarının, yüzlərlə tələbənin, habelə məktəbin məzunları və Nyu-Yorkun işgüzar dairələrinin nümayəndələrinin qatıldığı tədbir çərçivəsində müxtəlif ölkələrdən olan tələbələr öz milli yeməklərini və milli musiqinin müşayiəti ilə milli geyimlərini nümayiş etdiriblər.
Tədbirdə Stern Biznes Məktəbinin azərbaycanlı tələbəsi Rəna Köniq Ağayeva da olub. Ailə üzvləri və digər azərbaycanlılarla birlikdə Azərbaycanı bu tədbirdə təmsil edən Rəna Köniq tədbir iştirakçılarına Azərbaycan mədəniyyəti ilə yanaşı, cəbhə xəttində baş verən son hadisələr və Dağlıq Qarabağ münaqişənin tarixi haqqında da məlumat veriblər.
Tədbirdə həmçinin Temple Universitetində musiqi sənəti üzrə doktorluq dərəcəsi alan azərbaycanlı peşəkar skripkaçı Azər Dəmirov da iştirak edib. O, Azərbaycan musiqisini, digər iştirakçılar isə Azərbaycanın yallı rəqsini ifa ediblər. Müxtəlif ölkələri təmsil edən iştirakçılar və qonaqlar Azərbaycana dəstək göstərmək üçün “Azərbaycan biz səninləyik” şüarları ilə şəkil çəkdiriblər. Bu il keçirilən tədbirdə milli geyim kateqoriyasında Azərbaycanın təmsilçiləri yüksək xal yığıblar.