Nyu-Yorkda 32-ci Türk Yürüşü [Fotoqalereya]

Nyu-Yorkda Türk Yürüşü

Amerika Azərbaycan Cəmiyyətinin hazırladığı Azərbaycan bayraqları ilə bəzədilmiş mobil stend Nyu-Yorkun küçələri ilə aparılıb

ABŞ-ın Nyu-York şəhərində Türk Amerika Assosiasiyaları Federasiyası tərəfindən bu il 32-ci dəfə təşkil edilən Türk Yürüşü keçirilib.

Festivalda Türkiyənin Avropa İttifaqı üzrə təmsilçisi və baş vasitəçi Egemen Bağış, Kipr türklərinin prezidenti İrsen Kiçik, Türkiyə millət vəkilləri, deputat Qənirə Paşayeva daxil olmaqla, Azərbaycandan parlament üzvləri, Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, ABŞ-da fəaliyyət göstərən türk və Azərbaycan diaspor təşkilatları və qruplarının başçıları iştirak ediblər.

Şəhərin mərkəzi küçələri ilə keçən nümayişçilər türkdilli ölkələrin bayraqlarını dalğalandırıb. Çox sayda insanın izlədiyi yürüş rəqslər, mehtər marşları, hərbi orkestrin ifasında musiqi sədaları altında keçib.

Amerika Azərbaycan Cəmiyyətinin hazırladığı Azərbaycan bayraqları ilə bəzədilmiş mobil stend Nyu-Yorkun küçələri ilə aparılıb.

Festivala qatılan türkdilli xalqları təmsil edən diaspor üzvləri festivalın onlar üçün xüsusi əhəmiyyət daşıdığını bildiriblər.

Nyu-Yorkda ənənəvi Türk Yürüşü ABŞ-da türkdilli xalqların nümayəndələri arasında ən populyar tədbirlərdən biridir. Hər il ABŞ-ın digər ştatlarından yüzlərlə insan yürüşdə iştirak etmək üçün Nyu-York şəhərinə gəlir.