Rəsmilər Nyu Yorkda terror hücumunda şübhəlini dindirməyə başlayıb

Rəsmilər Nyu Yorkda yük maşınını velosiped cığırında insanların üstünə sürən şəxsi dindirməyə və 2001-ci ildə 11 sentyabr hücumlarından sonra ən çox insan ölümülə nəticələnmiş hadisənin motivlərini araşdırmağa başlayıb. Hücum nəticəsində azı səkkiz adam həyatını itirib, 11 adam yaralanıb.

Hadisədə şübhəli bilinən 29 yaşlı özbək mühacir Sayfullo Saipov 2010-cu ildə ABŞ-a mühacirət edib. Xəbər agentliklərinin verdiyi məlumata görə, hücumun baş verdiyi yerdə İŞİD qrupuna sədaqətin ifadə edildiyi yazı aşkar edilib. Cihadçı qrup hücuma görə məsuliyyəti rəsmən hələ öz üzərinə götürməyib.

Saipov Nyu Yorkun Manhattan hissəsində baş vermiş hadisə yerinə gələn polis tərəfindən qarın nayihəsindən güllə ilə vurularaq yaralanıb. Rəsmilər onu xəstəxanada cərrahiyyə əməliyyatına aparılmazdan əvvəl dindirib.

Sayfullo Saipov

Ölənlər arasında universitetdən məzun olmalarının 30 illiyini qeyd etmək üçün Nyu Yorka səfər etmiş beş Argentina və bir Belçika vətəndaşı var.

Trampın reaksiyası

ABŞ prezidenti Donald Tramp Daxili Təhlükəsizlik Nazirliyinə Birləşmiş Ştatlara daxil olan şəxslərin yoxlanmasını nəzərdə tutan proqramın daha da sərtləşdirilməsi haqda göstəriş verib.​

Tramp eyni zamanda Twitter səhifəsində ABŞ Senatında demokratların lideri, Nyu York ştatından senator Çarlz Şumeri “terrorçunun viza lotereya proqramı çərçivəsində ABŞ-a daxil olmasına icazə verməkdə” ittiham edib.

Şumer Trampı “Milli faciə zamanı həmişə Amerikanı siyasiləşdirməkdə və bölməkdə” ittiham edib. Senator deyib ki, o, “mühacirətin Amerika üçün yaxşı olduğuna həmişə inanıb və inanmağa davam edəcək”.

Mühacirət lotereyası Şumerin Konqresin Nümayəndələr Palatasında 1990-cı illərdə 25 demokrat və altı respublikaçı ilə birlikdə sponsorluq etdiyi qanunvericiliyin bir hissəsini təşkil edir.