Nyu-York və Nyu-Cersi sakinləri hələ də elektrik enejisindən məhrumdur

ABŞ-ın şərq sahillərini təsirinə məruz qoyan güclü qasırğadan sonra Nyu-York və Nyu-Cersi sakinləri hələ də elektrik enejisi, benzin və ərzaqdan məhrumdur. Qasırğa səbəbi ilə ölənlərin sayı 90-ı ötüb.

Benzindoldurma stansiyalarında yanacaq üçün növbələr yaranıb.

Nyu-Yorkun meri Maykl Blumberqin bazar gününə təyin edilən marafonun ləğv edilməyəcəyini bəyan etməsinə baxmayaraq, marafon baş tutmayacaq. Mer qərarını dəyişərək, marafon iştirakçılarını çətinliyə salmaq istəmədiyini deyib. Tədbirin təxirə salınması onsuz da ağır vəziyyətlə üzləşən bizneslərin fəaliyyətinə mənfi təsir göstərir. Belə ki, marafon şəhərə minlərlə insanı cəlb etməklə yanaşı, Nyu-Yorka milyonlarla dollar gətirir.

Aşağı Manhattan və ətrafları hələ də işıqsızdır. Metro və avtobus xidmətləri qismən bərpa edilib. Daşqınlara məruz qalan tunellər və binalar təmizlənir.

Şəhərdə 3 nəfərdən az sərnişini olan maşınların hərəkəti yasaqlanıb. Məktəblər hələ də bağılıdır. Çoxmərtəbəli binaların sakinləri elektrik olmadığı üçün liftsiz qalıb.

Qasırğanın vurduğu ziyan 20 ilə 50 milyard dollarla ölçülür. Bizneslərin çalışmaması iqtisadiyyata 200 milyon dollar zərər vurub.