Nyu York Film Akademiyası dünyada kinematoqrafiya sahəsində ən çox ad qazanmış universitetlərdən biridir. 25 ildir ki, fəaliyyət göstərən akademiyada rejissorluq, 3D animasiya, operatorluq, aktyorluq ve jurnalistika kimi fərqli fakultələr var.
Film akademiyası Nyu Yorkdan başqa Amerikanın Los Anceles, Mayami şəhərlərində də fəaliyyət göstərir. Bundan əlavə dünyanın əksər böyük şəhərlərində də filialları var. Bunlara Paris, Amsterdam, İstanbul, Moskva, Şanxay, Florensiya, və sairə şəhərlər aiddir.
Akademiyada 400-dən çox müəllim və 5 mindən çox tələbə var. Həm bakalavr, həm də magistratura dərəcəsində dərslər keçirilir. Həmçinin, film akademiyasında qısa dönəmlik xüsusi dərs proqramları da var. Yəni film dünyasına qısa zamanda aşina olmaq istəyənlərə fürsət yaradılır.
Nyu York Film Akademiyasının ən önəmli xüsusiyyəti dərslərin tamamən praktik keçirilməsidir. Tələbələr dərslərdə ssenari yazır, film çəkir, rejissorluq və ya operatorluq edir. Film sahəsində oxuyan tələbə hər il ən az 7-8 film çəkməlidir. Yəni, dərsləri keçmək üçün imtahan vermək yerinə film çəkməlisən.
Akademiyanın digər müsbət cəhəti də odur ki, film dünyasının vacib adamları ilə görüşlər təşkil olunur. Bu günə qədər film akademiyasında Al Paçino, Mel Gibson, Martin Skorseze kimi ulduzlar master klasslar keçib.