Nyu York ştatında Ebola ilə bağlı karantin müddətinin evdə gözlənilməsinə icazə verilib

ABŞ-ın Nyu York ştatının qubernatoru Endrü Kuomo Qərbi Afrikada Ebola xəstələrini müalicə etdikdən sonra Birləşmiş Ştatlara qayıdan səhiyyə işçiləri ilə bağlı karantin siyasətinin dəyişdiyini bildirib.

Qubernator Endrü Kuomo ölümcül virusun əlamətləri olmayan tibbi personalın 21 gün öz evlərində qalmasına icazə veriləcəyini və bu müddət ərzində başqa tibb işçilərinin onları gündə iki dəfə monitorinq edəcəyini deyib.

Nyu York qubernatorunun açıqlamasının ardınca qonşu Nyu Cersi ştatının qubernatoru Kris Kristi də ştatda karantin müddətinin evdə gözlənilməsinə icazə verildiyini bildirib.

Cənab Quomo və cənab Kristi iki gün bundan öncə Qərbi Afrikada işlədikdən sonra Birləşmiş Ştatlara qayıtmış tibb işçilərinin icbari şəkildə 21 gün müddətinə karantinə alınacağını elan etmişdi. Bu, Qvineyada xəstələri müalicə edən həkim Kreq Spenserə Nyu-Yorkda ilk Ebola diaqnozu qoyulmasından sonra elan edilmişdir.

Doktor Spenser qayıtdıqdan bir həfə sonra ona Ebola xəstəliyi diaqnozu qoyulmuşdu.