ABŞ-ın Nyu Meksiko ştatının Senatı 2013-cü il yanvarın 28-də Xocalı faciəsinin 21-ci ildönümü ilə əlaqədar qətnamə qəbul edib.
Nyu Meksiko ştatının senatoru Cerald Ortis U Pino tərəfindən təqdim edilmiş qətnamə qanunvericilik orqanının yuxarı palatasında yekdiklliklə qəbul edilib.
Xocalı qətliamının 21-ci ildönümü ilə əlaqədar qəbul edilmiş sənəddə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ müharibəsinin gedişi zamanı 1992-ci ildə fevralın 26-dan 27-ə keçən gecə erməni silahlı qüvvələrinin rus ordusunun köməyi ilə Azərbaycanın Xocalı şəhərinə hücum etdiyi, çox sayda qadın, uşaq və yaşlı insan daxil olmaqla 600-dən çox dinc Azərbaycan vətəndaşının qətlə yetirildiyi, 1000-dən çox insanın yaralandığı və 1200-dın çox adamın əsir götürüldüyü deyilir.
Qətnamədə bildirilir ki, vətəndaşların çoxunun cəsədi tanınmaz hala salınmışdır və bu da Xocalıda ən dəhşətli və barbar müharibə aktının baş verdiyini göstərir.
Nyu Meksiko ştatının qəbul etdiyi sənəddə Human Rights Watch da daxil olmaqla beynəlxalq hüquq müdafiə təşkilatlarının Xocalıda baş verən qətlləri sənədləşdirdiyi, Birləşmiş Ştatlar və başqa ölkələrin mətbuat agentliklərinin dəhşətli hadisə ilə bağlı xəbərlər verdiyi, bri sıra ölkələrin hökumətlərinin Xocalı qətliamını pislədiyi qeyd edilir.
Sənəddə Dağlıq Qarabağ və ətraf yeddi rayon daxil olmaqla Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının davam etdiyi və BMT-nin Təhlükəsizlik Şurası və Baş Assambleyasının işğalı pisləyən qətnamələr qəbul ediyi bildirilir.
Qətnamədə deyilir ki, Xocalı hadisələri müharibə dövründə baş verən dəhşətli hadisələri və bütün dünyada insanlar arasında daha geniş anlaşma, təmas və dözümlülüyə ehtiyac olduğunu xatırladır.
Bütün bunları nəzərə alaraq Nyu Meksiko ştatının Senatı 1992-ci il fevralın 26-da baş vermiş Xocalı faciəsinin 21-ci ildönümü ərəfəsində qətlə yetirilmiş 600-dən çox günahsız insanın xatirəsinin anıldığını bildirir.
Sənədin surəti ABŞ Konqresi, Dövlət Departamenti və Birləşmiş Ştatların Azərbaycandakı səfirliyinə göndərilib.