ABŞ rəsmiləri dünən Nyu Cersinin dəmir yolu stansiyasında qəzaya uğrayan qatarın qara qutusunu nəzərdən keçirməyə hazırlaşır. Hadisə zamanı 1 nəfər ölmüş, 100 nəfərdən çoxu yaralanmışdır.
Qatarın qara qutusu təyyarə qara qutusu kimi hadisələri qeydə alır. Milli Nəqliyyat Təhlükəsizliyi Komitəsinin rəsmiləri əldə ediləcək məlumatın qəzaya nəyin səbəb olduğunu öyrənməyə kömək edəcəyini bildirib.
“Biz qara qutunu lokomotivin içərisindən çıxarmağa çalışırıq. İndi bunu etmək təhlükəsizdir. Biz qatarın hadisə baş verən an sürəti və əyləcin vəziyyəti və digər detallar barədə məlumat əldə edəcəyik”- deyə Milli Nəqliyyat Təhlükəsizliyi Komitəsindən Bella Dinh-Zarr bildirib.
Rəsmilər qatarın sürücüsünün xəstəxanadan buraxıldığını və hazırda təhqiqatçılarla əməkdaşlıq etdiyini bildirib.