Nyu-Cersidə atışmada 6 nəfər öldürülüb

ABŞ-ın Nyu-Cersi ştatında mağazada baş vermiş atışma zamanı bir polis işçisi, üç mülki şəxs və hücümü həyata keçirən iki nəfər öldürülüb. Dekabrın 10-da baş verən hadisədən sonra təhlükəsizlik səbəbi ilə bölgədəki məktəblərdə dərslər dayandırılıb.

Cersi şəhərinin meri Stivin Fulop (Steven Fulop) bildirib ki, atışmada iki polis zabiti vurulub, onlardan biri xəstəxanada həyatını itirib, digəri isə hazırda müalicə alır. Onun sözlərinə görə, daha iki polis zabiti isə qəlpə yaraları aldığı üçün müalicə olunur. Mer həmçinin atışmadan sonra binaya daxil olduqları zaman orada ölənlərin cəsədlərinin olduğunu bildirib.

Qarşıdurmadan sonra çevik polis alayı, Nyu-Cersi və Nyu-York şəhərlərinin polis idarəsinin çox sayda işçisi, eləcə də federal agentlər hadisə yerini nəzarətə götürüb.