Nuranə Aşurova: “Həyat yoldaşım Samir 5-ci gündür aclıq edir, o halsızlaşıb”

Samir Ashurov

Almaniyadan readmissiya olunandan sonra saxlanılaraq barəsində 4 ay həbs qətimkan tədbiri seçilən Samir Aşurov aprelin 19-dan həbsinə etiraz olaraq aclığa başlayıb. O hazırda 5 gündür aclığı davam etdirir.

Bu barədə aprelin 22-də onunla görüşdən sonra həyat yoldaşı Nuranə Aşurova bu gün Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, artıq Samir Aşurov halsızlaşıb.

“Mən ondan xahiş etdim ki, aclığı dayandırsın. Dedim ki, şəkərdir, ürəyində problemlər var, komaya düşə bilər. O dedi ki, belə bir cinayəti onun üzərinə qoyublar, şərəfsizliyi boynuna almaqdansa, şərəfli ölümü seçib. Dedim ki, Samir, sən öləndən sonra qanını batıracaqlar, başqaları kimi deyəcəklər ki, ürək tutmasından, ya da nədənsə ölüb. Dedi ki, aclığı sonadək davam etdirəcək.”

Həyat yoldaşının sözlərinə görə, Samir Aşurov cümə günü günortadan sonra istintaq təcridxanasına köçürülüb.

Nuranə Aşurova bildirib ki, aprelin 22-də Samir Aşurovun paltarları ekspertizaya təqdim edildiyindən onun üçün yeni paltarlar aparıb.

“Paltarları yoxlanılan zaman Samirlə üzbəüz idim. Samirin paltarları tam təmiz idi. Əlində və paltarlarında qan ləkələri görmədim. Doğrudan da Samir döyülüb. Onun üzərində döyülmə izləri var. Gicgah tərəfində göyərmə və sinəsində cırmaq izləri var, daha doğrusu sinəsi bütün cırmaq izləri idi. Dodağı partlaq halda idi. Çox güman ki, üz nahiyyəsindən də onu vurublar. Samirdən soruşdum ki, ona nə olub. O bildirdi ki, döyüblər. Hadisəni mənə danışdı. Dedi ki, Nizami rayon İcra Hakimiyyətinin yaxınlığında Araz marketə yaxınlaşan zaman bir nəfər qışqıra-qışqıra ona tərəf gəlib. Həmin şəxs Samiri itələyib asfaltın üzərinə yıxıb. Samir əlini önə verib ki, başı yerə dəyməsin. Onun əlinin içi də göyərmişdi. Sonra o qışqırıb polis çağırıb. Polis gəlib, bıçağı gödəkcəsinin cibinə qoyub. O bıçağı cibindən çıxarıb tullayıb. Polis bıçağı gətirib yenidən onun gödəkcəsinin cibinə qoyub. Əllərini bağlayıb avtomobilə mindirərək aparıblar. Dedi, Nizami rayon Polis İdarəsinin 24-cü Polis Pölməsində onu döyüblər. Sonra xəbər çıxıb ki, guya Samir kimisə bıçaqlayıb. Samirdən soruşdum ki, həmin adamın üzünü görüb. O dedi ki, həmin adamı tanımır və ona hücum edən zaman qaranlıq olduğundan sifətini yadında saxlaya bilməyib. Mən görüşüm zamanı müstəntiqdən soruşdum ki, məgər Samirin bıçaqladığı insanın bir qan izi varmı? Bu zaman mənə heç bir cavab vermədilər. Yenə mən onlara dedim ki, bu qurulmuş şərləmədir. Samir bir daha söylədi ki, heç nə etməyib,” o qeyd edib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Amerikanın Səsinə bildirib ki, aprelin 19-da Bakı vaxtı ilə saat 21 radələrində paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakini Samir Aşurov aralarında yaranmış şəxsi münaqişə zəminində Şəki şəhər sakini Elşən Nəbiyevin qarın nahiyyəsinə bıçaqla xəsarət yetirib.

"Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126-cı maddəsi (Qəsdən sağlamlığa ağır zərər vurma) ilə cinayət işi başlanıb. Samir Aşurov saxlanılaraq istintaqa təqdim edilib. Hazırda istintaq hərəkətləri davam etdirilir," o qeyd edib.

Bununla yanaşı, vəkil Amerikanın Səsinə deyib ki, Aşurova qarşı Cinayət Məcəlləsinin 126.2.4 maddəsi ilə (Qəsdən sağlamlığa ümumi təhlükəli üsulla ağır zərər vurma) cinayət işi qaldırılıb.

İttiham sübut olunarsa, Cinayət Məcəlləsinin 126.2.4 maddəsinin sanksiyasına görə Samir Aşurovu 6 ildən 11 ilədək həbs gözləyir.

Samir Aşurovun polis tərəfindən döyülməsi iddiasına gəlincə, Elşad Hacıyev Amerikanın Səsinə deyib ki, iddia tam əsassızdır və həqiqətə uyğun deyil.

“Samir Aşurov konkret cinayət əməlinə ğörə təqsirləndirilir və onun vəkilinin, yaxınlarının dedikləri müdafiə xarakteri daşıyır. Bu da anlaşılandır,” o qeyd edib.

Bundan öncə Samir Aşurov aprelin 1-də Baş Prokurorluğun İstintaq İdarəsində şahid qismində ifadə verib.

İfadə verdikdən sonra Aşurov Amerikanın Səsinə bildirib ki, o, qeyri-leqal miqrasiya ilə bağlı cinayət işi üzrə dindirilib.

O deyib ki, iş üzrə fiqurantlar ilə heç bir əlaqəsi yoxdur və vizanı özü səfirliyə müraciət edərək qanuni əsaslarla alıb.

Aşurovun sözlərinə görə, onun siyasi fəaliyyətilə bağlı suallar verilməyib.

"Amma bu o demək deyil ki, həbs olunmağım üçün risk yoxdur. Almaniyadan göndərilmiş digər fəalları dərhal həbs etmədilər. 3-4 ay onlara qarşı iş apardılar," Aşurov deyib.

2018-ci ildə Azərbaycanda Aşurov iki dəfə müvafiq olaraq 30 və 60 sutka inzibati həbsə məruz qalıb, bundan sonra Almaniyaya mühacirət edib və orada Azərbaycan hakimiyyətini tənqid etməkdə davam edib. O, ölkəni tərk edərkən REAL Hərəkatının üzvü olub.

Almaniya hökuməti ona sığınacaq verməkdən imtina edib.

Bu zaman Almaniyanın Azərbaycandakı Səfirliyi Amerikanın Səsinə deyib ki, Samir Aşurov Almaniyada iki dəfə məhkəməyə müraciət edib və hər iki dəfə məhkəməni uduzub.

Aşurov aprelin 1-də Amerikanın Səsinə bildirib ki, Azərbaycana çatan kimi hava limanında iki şəxs (biri mülki formada idi, digəri rütbəli şəxs idi) ondan ölkəni hansı səbəbdən tərk etdiyini soruşub.

"Mən Azərbaycanda siyasi təqiblərlə üzləşdiyimi dedim. İki dəfə şərlənərək həbs olunmağımı nəzərlərinə çatdırdım. Onlara bildirdim ki, hakimiyyətin qurbanlarından biri də mən olacam. Necə ki, məndən əvvəl dörd nəfər siyasi fəal, - Malik Rzayev, Mütəlim Orucov, Pünhan Kərimli və Cəfər Mirzəyev həbs olunub. Mən Almaniyada məhkəmədə də bunları dedim. Həmçinin bildirdim ki, mühacirətə gəlməmişdən öncə siyasi fəaliyyətimlə əlaqədar olaraq iki dəfə, 30 və 60 sutka inzibati qaydada həbs olunmuşam. Bu rejim məni yenə saxta ittihamla həbs edəcək."

Fəal bəyan edib ki, Azərbaycanda hər saatı, hər günü onun üçün təhlükədir.

Azərbaycan hüquq mühafizə orqanları insanların iradəsinə görə təqib edilmədiyni bildirib.

Hüquq müdafiəçisi Zəfər Əhmədov Amerikanın Səsinə deyib ki, readmissiya olunan siyasi fəalların taleyi narahatlıq yaratmaqda davam edir. Samir Aşurov artıq həbs edilən beşinci siyasi fəaldır.

"Readmissiya olunan beş siyasi fəalın hamısnın həbsi təsadüf ola bilməz. Biz, hüquq müdafiəçisi readmissiya olunan insanların ölkədə taleyinin narahatlıq doğurması ilə bağlı bir qayda olaraq Avropa İttifaqının ölkədəki nümayəndəliyi və Avropa İttifaqına daxil olan ölkələrin səfirlikləri qarşısında məsələ qaldırırıq," o qeyd edib.

Almaniyanın Azərbaycandakı Səfirliyi siyasi fəal Samir Aşurovun taleyi ilə bağlı aprelin 21-də Amerikanın Səsinin sorğusuna cavabında bildirib ki, məsələ səfirliyin diqqətindədir.

"Biz bu kimi hadisələrin gedişatını diqqətlə izləyirik. Azərbaycan hökumətilə insan haqları məsələləri ilə bağlı müntəzəm olaraq danışqılar aparılır," Almaniyanın Azərbaycandakı Səfirliyi qeyd edib.

Qeyd edək ki, rəsmi Bakı bir qayda olaraq insanların siyasi əqidəsində görə təqib edilmədiyini bildirir.

2021-ci ildə Avropadan 420 nəfər Azərbaycan vətəndaşı readmissiya edlib. Avropa İttifaqı ilə sazişin imzalandığı vaxtdan, 2014-cü ildən 2013 nəfər ölkəyə qaytarılıb.