Naxçıvan MTN-i Azadlıq radiosunun müxbirini tora sala bilməyib

Azadlıq radiosunun əməkdaşı Yafəz Əkrəmoğlu

Azərbaycan MTN-i İbrahim Musayev adlı əməkdaşının olmadığını deyib. Amma, özünü keçmiş əməkdaş kimi təqdim edən İ.Musayevin dedikləri jurnalistlərlə bağlı dəhşətlərdən xəbər verir
Təqiblərdən yaxa qurtararaq ölkədən qaçan Naxçıvan MTN-nin keçmiş əməkdaşı İbrahim Musayev "Azadlıq" radiosunun əməkdaşı Yafəz Əkrəmoğlu ilə bağlı qurulan plan barədə “Azadlıq” qəzetinə geniş məlumat verib.

Onun sözlərinə görə, Naxçıvan Milli Təhlükəsizlik Nazirliyi 2011-ci ilin avqustunda bu qurumda öldürülmüş Turac Zeynalovun ölüm faktını araşdıran “Azadlıq” radiosunun əməkdaşı Yafəz Əkrəmoğlunun zərərsizləşdirilməsi ilə bağlı xüsusi əməliyyat hazırlayıb.

İ.Musayev bildirir ki, jurnalistin gələcəyini bilən kimi Naxçıvan MTN Turac Zeynalovun qohumlarına hədə-qorxu gəlmişdi ki, mətbuata danışmasınlar.

“MTN-də şöbə müdiri olan İlqar Hacıyevin göstərişi ilə biz hərəkətə keçdik. Jurnalist təyyarədən enən kimi onu nəzarətə götürdük. Bilirdik ki, Turacgilin kəndinə gedəcək. İlqarın göstərişi ilə Turacın ailəsinə bir daha tapşırıldı ki, Bakıdan gələn jurnalistə heç nə deməsinlər. Ancaq Yafəz Əkrəmoğlu Turacla həbs olunanların qohumları vasitəsi ilə onun öldürülmə səbəbinin izinə düşmüşdü. Yenə deyirəm, bu sirr açılsaydı, Naxçıvan hakimiyyəti bütün dünyada biabır olacaqdı”, - o bildirib.

İ.Musayev deyib ki, MTN-nin 3 əməkdaşı Y. Əkrəmoğlunu Naxçıvan şəhərində oğurlayıb Culfadan İrana deportasiya edib: “Şöbə müdiri İlqarın planı belə idi ki, deportasiyadan bir neçə saat sonra müəyyən xətlə İran ETELLEAAT-ına məlumat ötürsün ki, Amerika radiosunun əməkdaşı İrana casusluğa gəlib. Belə olanda İran kəşfiyyatı onu tutub edam edəcəkdi. Sonradan bu fikirdən daşınmışdılar. Eşitdiyimə görə, Bakıdan zəng gəlmişdi”.
Onun sözlərinə görə, Y.Əkrəmoğlu Bakıya gedəndən, MTN tərəfindən oğurlanıb İrana deportasiya olunduğunu açıqlayandan sonra daha da qəzəbləndilər. Onun haqqında yalançı imici yaratmaq üçün videorolik hazırlayıb "youtube"a qoydular. Bundan sonra Y.Əkrəmoğlu ilə görüşən şəxslərin hamısını MTN-ə gətirib sorğu-suala tutdular.
Jurnalist növbəti dəfə Naxçıvana gələndə ona şantaj planları qurulub. “Bu plana MTN-in əməkdaşı Nurlan Pənahov rəhbərlik edirdi. Əməliyyata jurnalistin inandığı adamlardan birini də cəlb eləmişdilər. Onun adı İsmayıl idi. Bir neçə də qadın cəlb olunmuşdu.

Y.Əkrəmoğlunun gedəcəyi evə əvvəlcədən kamera quraşdırılmışdı. Bu ev Naxçıvan şəhərində, 3-cü mikrorayondakı Heydər Əliyev adına orta məktəbin yaxınlığındadır, mənzil 4-cü mərtəbədədir. Kamera evdəki televizorun pult yerində, bir də elektron saatın içərisində yerləşdirilmişdi. Kameralar distansiyalı idi. 7-8 metrə kimi ötürə bilirdi. 4-5 saat “zaryadka” saxlayırdı. Həmin binanın 2-ci mərtəbəsində kameranın dalğasını tutan aparat yerləşdirilmişdi. Nurlanla 2-ci mərtəbədə oturub 4-cü mərtəbədə baş verənləri izləyirdik, - o bildirib.

İ.Musayev deyib ki, qadın məsələsi alınmırdı. Qadın evə girən kimi Yafəz hər şeyi hiss eləmişdi. “Qadına göstəriş verilmişdi ki, gizli çəkiliş baş tutmasa, üst-başını cırıb qışqırıq salsın ki, guya ona təcavüz edirlər. Jurnalist hər şeyi anladığından ağıllı plan quraraq vəziyyətdən çıxıb, sonra evi tərk eləyib. İlqargil çox pis vəziyyətdə qalmışdılar. İstəyirdilər ki, gizli görüntünü əldə edib onu şantaj eləsinlər, bununla da onu biryolluq susdursunlar. Başqa planlar qurmaq istəyirdilər, lakin jurnalist gecə reysi ilə Naxçıvanı tərk eləmişdi", - o vurğulayıb.

Öz növbəsində, Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin İctimaiyyətlə Əlaqələr Mərkəzi nazirliyin İbrahim Musayev adlı əməkdaşının olmadığını bildirib.

Naxçıvan MTN-is isə İbrahim Musayevin dediklərini yalan və böhtan adlandırıb.