Novruz süfrəsinin 40 faiz bahalaşdığı deyilir

Fəridə Buyuranın Azərbaycan kulinariyası dərsində hazırlanmış paxlava (c) Foto: Yakir Levy

Novruz bayramına (20-21 mart) sayılı günlər qalır. Bayramla əlaqədar Azərbaycan paytaxtı Bakıda yarmarkalara start verilib. Martın 12-dən bu məqsədlə paytaxtın müxtəlif yerlərində çadırlar qurulub. Şəhər sakinləri bayram hazırlıqları üçün həm bu yarmarkalara, həm də digər ticarət məntəqələrinə baş vururlar.

Bəs bu il dörd nəfərlik bir ailədə Novruz süfrəsi təqribən neçəyə başa gəlir? Əməkhaqqı və gəlir artımı bahalaşma ilə nə dərəcədə ayaqlaşır?

Dövlət Statistika Komitəsinin (DSK) verdiyi məlumata görə, 2022-ci ilin iki ayında istehlak qiymətləri indeksi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 12.2 faiz artıb. Ərzaq məhsulları, içkilər və tütün məmulatları isə daha çox - 17.2 faiz bahalaşıb.

Bakı sakini Ceyhun Məmmədov bildirir ki, bu il ailəsinin bayram süfrəsi üçün 230-250 manat civarında pul xərcləyib: "Bu da aldığım məvacibimin, demək olar ki, yarısıdır. Düyü, ət, yağ - hər şey bahalaşıb. Təkcə aş, paxlava və şəkərburanı bişirmək üçün xeyli pul lazımdır. Bunun hələ meyvəsi də var. Keçən il həmin süfrəyə 160-170 manat pulum çıxmışdı".

"Daha çox qazanc əldə etməyə çalışırlar"

Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Azər Badamov isə "Turan"a deyib ki, bayram ərəfəsində bazarlarda məhsulların qiymətlərində müəyyən qədər artımların olması təbii haldır: "Bayramqabağı bazarlardakı müştəri bolluğunu görən satıcılar... qiymətlərdə müəyyən artımlar edərək daha çox qazanc əldə etməyə çalışırlar".

Deputat xatırladıb ki, bazarlarda kəskin bahalaşmanın baş verməməsi üçün dövlət bayram yarmarkaları təşkil edir: "Yarmarkalarda daha uyğun qiymətlərlə kənd təsərrüfatı malları satışa çıxarılır. Bu, bazarlardakı qiymətlərə kəskin təsir göstərməsə də, bayram mallarına əlçatanlığın təmin edilməsində müəyyən rol oynayır".

Onun sözlərinə görə, bayramqabağı qiymət artımları müvəqqəti haldır:"Bayramlardan sonra bazarda qiymətlərdə müəyyən qədər azalmaların olacağı gözləniləndir".

"Kasıblığın artmasına işarədir"

İqtisadçı Natiq Cəfərli də AzadlıqRadiosuna xatırladıb ki, rəsmi rəqəmlərə görə, ərzaq inflyasiyası keçən ilin eyni dövrünə nisbətən təqribən 17 faizdir: "İnsanlarımızı da əsas narahat edən məhz ərzaq inflyasiyasıdır. Azərbaycanda rəsmi statistika göstəricilərinin problemli olduğunu və reallığı çox vaxtı əks etdirmədiyini nəzərə alsaq, 25-30 faizlik ərzaq inflyasiyasının olması ehtimalı kifayət qədər yüksəkdir".

Onun sözlərinə görə, bəzi məhsullara görə ərzaq inflyasiyası daha çoxdur: "Hətta 50 faizi də keçib. Amma ortalama təqribən 25-30 faizdir".

İnsanların gəlirlərinin artımına gəlincə isə, Natiq Cəfəli qeyd edib ki, keçən il insanların nominal gəlirləri 3 faizə yaxın artıb: "Bu, rəsmi göstəricidir. Bu ilin ilk aylarında artım eyni templə davam edir. Yəni, aydan-aya müqayisə etsək, ilin əvvəlində minimum əməkhaqqını və dövlətin nəzarətində olan digər sahələrdə artımları nəzərə alsaq, ortalama təqribən 8 faiz gəlir artımının olduğunu demək mümkündür".

Onun fikrincə, ərzaq inflyasiyası 25-30 faizdirsə, gəlirlər isə cəmi 7-8 faiz artırsa, bu, insanların alıcılıq qabiliyyətinin aşağı düşməsinə və faktiki olaraq kasıblığın daha çox artmasına işarədir.